“Azad olunmuş ərazilərdə kənd təsərrüfatı fəaliyyətinin planlaşdırılması işində xüsusilə aqrar emal müəssisələrinin yaradılması nəzərdə tutulur”.
“Report” xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Bakıda keçirilən "Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığın rolu" mövzusunda konfransda bildirib.
O qeyd edib ki, bu, həm ölkənin ərzaq təhlükəsizliyinin daha yaxşı şəkildə təmin olunması, həm də azad olunmuş ərazilərdə məşğulluğun təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir: “Ötən ilin iyununda ilk dəfə olaraq Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə Kəlbəcər və Laçın yaylaqlarına arıçılıq və qoyunçuluq təsərrüfatlarının köçürülməsi həyata keçirilib. Bütün bu qeyd etdiyim təsərrüfatlarda qadınlarımız da birgə təsərrüfat fəaliyyəti ilə məşğul olublar. Xüsusilə də bal süzümü, qoyunçuluq təsərrüfatlarında sağım, ilkin emal prosesində qadınlar aktiv iştirak ediblər, onların təsərrüfat fəaliyyəti məqsədilə xüsusi rejim tətbiq olunan ərazilərə daxil olması üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hər cür köməklik göstərilib”.
Nazir müavini vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi bölgələrinin kənd təsərrüfatının müxtəlif sahələri üzrə yüksək potensialı var: "Torpaqlar azad olunan kimi əkin potensiallı yerlərin müəyyən edilməsi, minalardan təmizlənməsi və əkilməsinə dair fəaliyyətə başlanılıb: “Uyğun ərazilərdə payızlıq və yazlıq əkinlərin aparılması təmin edilib. Bölgənin kənd təsərrüfatı potensialından maksimum səmərəli istifadə etmək qarşımızda qoyulan əsas vəzifələrdən biridir”.