IV İslam Həmrəyliyi Oyunları: müsəlman aləmində əməkdaşlığın və etimadın yeni mərhələsi - ŞƏRH

IV İslam Həmrəyliyi Oyunları: müsəlman aləmində əməkdaşlığın və etimadın yeni mərhələsi - ŞƏRH Azərbaycan sübut edir ki, sülh və əməkdaşlığa töhfə verməyə hazırdır, bunu bacarır
Analitika
12 May , 2017 11:36

Bakı. 12 may. REPORT.AZ/ Bu gün beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsi baxımından Azərbaycan tarixində əhəmiyyəti günlərdəndir.

Mayın 12-də IV İslam Həmrəyliyi Oyunlarının (qeyri-rəsmi adı "Bakı-2017" İslam Həmrəyliyi Oyunları) rəsmi açılışı olacaq. Oyunlar mayın 22-də başa çatacaq. İdman oyunlarında 21 idman növü (ağır atletika, atıcılıq, basketbol, bədii gimnastika, boks, cüdo, futbol, güləş, həndbol, idman gimnastikası, karate, stolüstü tennis, su polosu, suya tullanma, taekvondo, tennis, uşu, üzgüçülük, voleybol, atletika, zorxana) üzrə 54 dövlətin 6 000-ə yaxın idmançısının mübarizə aparacağı elan edilib.

Yeri gəlmişkən, İslam Konfransı Təşkilatı “İslam ölkələri həmrəylik idman oyunları”nın keçirilməsi ilə bağlı 2001-ci ildə qərar qəbul edib. Qeyd edək ki, Azərbaycan 2014-cü il iyulun 24-də Səudiyyə Ərəbistanın Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci Baş Assambleyasında IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək hüququ qazanıb.

I İslam Həmrəyliyi Oyunları 2005-ci il aprelin 8-20-də Səudiyyə Ərəbistanının Məkkə şəhərində keçirilib. Həmin yarışda Özbəkistan, Albaniya və Toqo istisna olmaqla, 53 müsəlman ölkəsindən 6500 idmançı həmrəylik yarışmasına qatılmış, 15 idman növü üzrə mübarizə aparmışdı.

Əslində, indki oyunlar statistik olaraq IV sayılır. Çünki II İslam Həmrəyliyi Oyunlarının 2009-cu ilin oktyabrında İranda keçirilməsi planlaşdırılmışdı. Ancaq sonradan həmin oyunların tarixini 2010-cu il aprel ayına dəyişdilər. Bununla belə, “Fars” körfəzinin (ərəb “Ərəb”, yaxud Bəsrə, qədim türklər isə ora Kəngər deyiblər) adı məsələsində İranla ərəb dövlətləri arasında yaranan fikir ayrılığı səbəbindən oyunlar ləğv edildi.

Nəticədə oyunlar baş tutmadı. III İslam Həmrəyliyi Oyunları 2013-cü il sentyabrın 22-si oktyabrın 1-i tarixlərində İndoneziyanın Palembanq şəhərində keçirilib. Həmin tədbirdə 44 ölkədən 1769 idmançı 13 idman növü üzrə yarışıb.

Bu idman oyunları tarixində Azərbaycan komandası qazandığı medalların ümumi sayına görə 10-cu yerdədir. Komandamızın hesabında 10 qızıl, 13 gümüş və 16 bürünc medal var.

IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan 345 idmançı ilə təmsil olunur.

İkinci ən böyük say (339 idmançı ilə) Türkiyə, üçüncü yer isə (307 idmançı ilə) Əlcəzairə məxsusdur.

Dünyanın indiki qarışıq vaxtında İslam dövlətləri idmançıları arasında bu yarışın keçirilməsi bu dinin sülhsevər olduğunu nümayiş etdirməkdir. Çünki Orta Şərqdədki proseslər fonunda baş verənlərdən göründüyü kimi, hazırda İslam ölkələri arasında ciddi fikir ayrılığı var. Bir sıra hallarda silahlı münaqişələrdə onların bir-birinə qarşı vuruşduğu belə bildirilir.

Yaxın və Orta Şərqdə vəziyyətin normallaşması, sabitliyin, sülhün yaranması, ictimai, siyasi, iqtisadi və mədəni əlaqələrin, əməkdaşlığın bərpası və inkişaf daha çox bölgə dövlətlərindən asılıdır. 

Belə yarışlar İslam dövlətləri ictimaiyyətinin yaxınlaşmasına və bir-birini tanımasına yardım edir. Son illər beynəlxalq terrorçuluğa görə müsəlman dövlətləri arasında müəyyən inamsızlıq və etimadsızlıq yaranıb.

İslam ölkələri bir-birlərini daxili işlərinə müdaxilə etməkdə, düşmənə, işğalçıya yardım göstərməkdə qınayırlar. Onlar bu qınaqlarda bəzən haqlı, bəzən haqsız görünsələr də, belə halların olduğunu da inkar etmək olmaz. 

Yarışların tez-tez keçirilməsi isə dövlətlərin əməkdaşlığını genişləndirir, bir-birlərinə yaxınlaşmaları üçün şərait yaradır. Bu, həm də dünyada sabitliyin və təhlükəsizliyin xeyrinə olan işdir.

Oyunların Azərbaycanda keçirilməsi də əhəmiyyətlidir. Əvvəla, Azərbaycan torpaqlarının bir hissəsi işğal altında olan müsəlman dövlətidir. Bəzi İslam ölkələri Dağlıq Qarabağın işğal altında saxlanılması üçün Ermənistanla hər cür əməşdaklıq edir, əlaqə saxlayır. Azərbaycan öz həmrəylik davranışı ilə onlara “işğalçı ilə əməkdaşlığı dayandırın, ya da onu bu siyasətindən çəkindirməyə çalışın” mesajını verir.

Azərbaycan müsəlman ölkələrə İslam dünyasındakı yerini və əhəmiyyətini bir daha çatdırır. Ölkə müsəlman dünyasında təbliğ edilir.

İstənilən beynəlxalq səviyyəli tədbirin keçirilməsi üçün başlıca amil təhlükəsizliyin təmin olunmasıdır. Azərbaycan belə bir mötəbər tədbirə ev sahibliyi etməklə bu çətin işin öhdəsindən gəlməyə qadir və bu kimi məsələlərdə, özəlliklə terrorçuluğa qarşı mübarizədə beynəlxalq arenada əməkdaşlığa hazır olduğunu nümayiş etdirir.

Azərbaycan sübut edir ki, sülh və əməkdaşlığa töhfə verməyə hazırdır, bunu bacarır.

Beləliklə, ehtimal etmək olar ki, bu sayaq həmrəylik yarışları dövlətlərarası əməkdaşlığın və əlaqələrin genişlənməsinə, inkişafına yönələcək, düşmənçiliyin, şübhələrin, etimadsızlığın aradan qalxmasına xidmət edəcək.

Son xəbərlər

Orphus sistemi