Gürcü politoloq Levan Mamaladze Gürcüstanın paytaxtı Tbilisini Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün real məkanlardan biri sayır.
O, "Report"un yerli bürosuna açıqlamasında deyib ki, NATO da Bakı və İrəvan arasında sənədin Tbilisidə imzalanması prosesində fəal rol oynaya bilər.
Ekspert xatırladıb ki, NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Azərbaycan və Ermənistan arasında əlaqələrin sülhə doğru getməsini yüksək qiymətləndirib: "Çox güman ki, Tbilisi sülh sazişinin imzalanması üçün bir məkan kimi hazırlanır. Onun Gürcüstana səfəri Alyansın bu region ilə daha çox maraqlandığını açıq şəkildə göstərir. Gürcüstanın hərbi sistemi NATO standartlarına uyğun çalışır və bu da o deməkdir ki, qonşu dövlətlər də Avroatlantik Alyansla daha sıx əməkdaşlıq etməyə imkan tapacaq".
L.Mamaladze bildirib ki, baş verənlərin fonunda Rusiyanın mövqeyinə diqqət yetirmək lazımdır: "Bu cür addımlar atmaqla Gürcüstan həm də böyük risklərə gedir. Çünki NATO-nun regionda aktivliyi Moskvanın maraqlarına ziddir. Belə olan halda da Rusiya çalışacaq ki, bu əməkdaşlıq mümkün olmasın. Gələn il NATO ilə yeni əməkdaşlığa start veriləcək".
Politoloq onu da söyləyib ki, Avropa İttifaqına namizəd statusunu aldıqdan dərhal sonra Gürcüstan NATO istiqamətində aktiv hərəkətə keçib: "Alyans indi Cənubi Qafqaz regionunda yeni layihələrə imza atmaq niyyətindədir. Təşkilat yeni reallıqları nəzərə alaraq Cənubi Qafqazda güc sahibi olmaq istəyir. Bunun üçün də rəsmi Tbilisi ilə əlaqələri intensivləşdirib layihələr həyata keçirmək istəyir".