Azərbaycan hakimiyyəti yenə haqlı çıxdı. Rəsmi Bakı dəfələrlə ermənilərin vaxtilə işğal etdikləri ərazidə müxtəlif növ silahlarla silahlandıqlarını, əraziyə mina döşədiklərini bildirirdi. Təəssüf ki, beynəlxalq vasitəçilər, o cümlədən ATƏT və onun keçmiş Minsk qrupunun həmsədrləri dini-tarixi abidələrin, yaşayış evlərinin dağıdılması, təbii sərvətlərin talan edilməsi ilə bağlı rəsmi Bakının çoxsaylı etirazları kimi bu məsələyə laqeyd münasibət göstərirdilər. Məhz həmin laqeydliyin ağır nəticəsini də Azərbaycan vətəndaşları yaşayır.
Ermənistan Azərbaycana minalanmış ərazilərin xəritəsini tam olaraq verməməklə terrorla məşğul olur. Azərbaycan ərazilərində külli miqdarda piyada əleyhinə minalar yerləşdirilib. Bu, yalnız keçmiş təmas xətti boyunca deyil, başqa ərazilərdə də insanların minaya düşməsi hallarının artmasına səbəb olur.
Son 30 ildə Azərbaycanda mina qurbanlarının sayı 3 406 nəfər olub. 2020-ci il noyabrın 10-dan bu günədək Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində baş vermiş mina hadisələri nəticəsində 327 nəfər minadan zərər çəkib. 48-i mülki (o cümlədən üçü jurnalist), 15-i hərbçi olmaqla 63 nəfər həlak olub. Eyni zamanda, mina partlayışları nəticəsində ümumilikdə 102 nəfər mülki şəxs, 162 hərbçi yaralanıb. Son 30 il ərzində minalardan zərər çəkənlərin isə 38-i qadın, 357-si uşaqdır.
Onu da qeyd edək ki, ermənilər Laçın rayonu ərazisini tərk edəndən sonra təkcə burada 2021-ci ildə Ermənistanda istehsal edilən E-001M markalı 1400-dən artıq piyada əleyhinə mina aşkarlanıb. Habelə Zabux və Sus kəndlərində evlərin giriş qapılarında və həyətyanı sahələrdə yeni quraşdırılmış mina tələləri tapılıb.
Torpaqlar işğaldan azad edildikdən sonra da Azərbaycan Ermənistanın çoxsaylı təbəqələrə yerləşdirdiyi milyonlarla minaların gözlənilən təhlükəsi ilə üz-üzə qaldı. Humanitar minatəmizləmə böyük insan və maliyyə resursları tələb edir. Bu, həm də işğaldan azad olunan ərazilərdə quruculuq və bərpa işlərinə mane olur.
Sentyabrın 19-20-də həyata keçirilən lokal antiterror tədbiri nəticəsində təxminən 480 km təmas xəttindəki ərazilərin minalandığı müəyyən edilib. Ermənistan və havadarlarının Azərbaycan ərazisində gizli “qatilləri” fəaliyyət göstərir. Bu, onların ölkədə terrorla məşğul olduqlarını təsdiqləyən amillərdəndir və Ermənistanın, eləcə də onun müdafiəçilərinin Laçın yolundan hərbi sursat, o cümlədən mina daşımaq üçün də istifadə etdiklərini bir daha təsdiqləyir.
Yeri gəlmişkən, minalar müharibə silahı sayılır. Ancaq onun qurbanlarının yalnız 10 faizi hərbçilərdir. Qurbanların 90 faizi qadınlar və uşaqlardır. Bir sutkalıq antiterror tədbirləri də regiondakı separatçıların güclü silahlandırıldıqlarını aşkarladı. Onların əraziyə mina döşədikləri də müəyyən edildi.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatlarına əsasən, Xankəndidə xeyli sayda tələ qurğular, silah-sursat aşkarlanıb. DİN əməkdaşları tərəfindən inzibati binalara baxış keçirilən zaman qanunsuz hərbi birləşmələr tərəfindən quraşdırılan tələ qurğular, eləcə də silah-sursat aşkar edilib.
ANAMA əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı ərazinin girişində yerləşən boruların içərisində sürpriz formaya salınmış əl qumbaraları, habelə otaqlarda yerləşən çəkməcələrdə, pərdələrin arxasında, hərbi jiletlərin ciblərində, binanın zirzəmisində əl qumbaraları və yüksək partlayış gücünə malik müxtəlif hərbi sursatlardan ibarət tələ qurğular aşkarlanıb. Eyni zamanda, yüksəklikdən buraxılaraq partlayış törətmək və geniş radiusda qəlpələnmə yaradılması məqsədilə minaatan mərmiləri, qəlpələnən bombletlər, VOQ-17 silah qumbaralarından ibarət improvizə olunmuş partlayıcı qurğulara rast gəlinib.
Bu, Qarabağın heç vaxt ermənilərə aid olmadığını sübuta yetirir. Çünki onlar işğal dövründə heç bir abadlıq, quruculuq işləri görməyib. Regionda yalnız mina “əkib”, hərbi istehkamlar qurmaqla məşğul olublar. Azərbaycanlılara məxsus yaşayış evlərini söküb tikinti materiallarından istehkamların inşasında, quraşdırılmasında da istifadə ediblər.
İndi Qarabağ azaddır. Ancaq orada işğalçıların və pis niyyətlilərin izləri qalır. Bu, əsasən, minalardır. Onlar Azərbaycanın bu bölgəsində minalardan tor düzəldiblər. Odur ki, işğalçıların ayaq izləri su ilə yuyulmur, onları heç zaman da təmizləmir. Bu izləri qazıb, çıxarıb, zərərsizləşdirməyə ehtiyac var. Çünki ermənilər və havadarları Qarabağ boyda barıt çəlləyi qoyub gedib. Bunu isə yalnız faşist Almaniyası işğal etdiyi ərazilərdə etmişdi...