Təbii ki, bütövlükdə bir çox Avropa İttifaqı ölkələri kimi Fransa da öz bəyanatları ilə bu “demokratiya sütunlarının” ikili standartlar siyasəti yeritdiyini iddia edənlərin doğruluğunu bir daha sübut edir və indi baş verənlər bunun əyani sübutudur.
“Report” xəbər verir ki, bu barədə “Media.Az” informasiya portalının baş redaktoru Cəmilə Ələkbərova CBC TV-yə açıqlamasında deyib.
O, Xurşidbanu Natəvanın abidəsinin yerləşdiyi parkın ətrafında yaranmış vəziyyəti şərh edərkən qeyd edib ki, bu işdə ən önəmlisi media və diplomatların əməyidir.
“Fransanın indi gördüyü iş beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdidir. Yalnız maarifləndirmə kampaniyası ilə Azərbaycan tərəfinin həqiqətəuyğun mövqeyini dünya ictimaiyyətinə çatdırmaq mümkün olacaq”, – C.Ələkbərova bildirib.
Baş redaktor vurğulayıb ki, ölkəmizdə baş verən pozuntularından danışmazdan əvvəl öz problemlərinə köklənsə yaxşıdır.
“Bilirsiniz, burada prezidentimizin 44 günlük Vətən müharibəsi zamanı BBC-yə verdiyi müsahibəni xatırlatmaq yerinə düşər. Müsahibin guya “mövcud senzura” ilə bağlı ittihamlarına cavab olaraq dövlət başçısı jurnalist Culian Assanjın adını çəkib. Prezident vurğulayıb: Assanjın başına gələnlər elə söz azadlığının pozuntusudur. Bununla da jurnalist özünü itirib və söhbətin mövzusunu dəyişməyə çalışıb. Həqiqətən də kimisə hər hansı pozuntuda ittiham etməyə çalışmazdan əvvəl özünüzə baxmalısınız. İkili standartlar göz qabağındadır”, – C.Ələkbərova deyib.