Çin ABŞ ilə əməkdaşlığı gücləndirməyə hazır olduğunu bəyan edib

Çin ABŞ ilə kommunikasiya və əməkdaşlığı gücləndirməyə, fikir ayrılıqlarını tənzimləməyə və Vaşinqtonla konstruktiv strateji münasibətləri inkişaf etdirməyə hazırdır.

"Report" Çin Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van Yi ABŞ-nin dövlət katibi Marko Rubio ilə telefon danışığı zamanı bildirib.

Tərəflər Çin-ABŞ münasibətləri və iki dövlət başçısının qarşılıqlı fəaliyyəti məsələlərinə dair ətraflı fikir mübadiləsi aparıblar. Nazirlik danışığın müsbət və konstruktiv məcrada keçdiyini vurğulayıb.

Van Yi qeyd edib ki, Çin sədri Si Cinpinin sentyabr ayında ABŞ-yə səfəri uğurla keçib. Onun sözlərinə görə, iki dövlətin başçısı qarşılıqlı fəaliyyətin düzgün yolunun tapılması üçün daha dəqiq strateji oriyentirlər təmin edərək, Çin-ABŞ münasibətlərinə yeni məzmun qazandırmaq barədə razılığa gəliblər.

O vurğulayıb ki, ikitərəfli münasibətlərin sabitləşməsi asan başa gəlməyib və həm öz, həm də ümumi maraqlarından çıxış edən iki böyük dövlətin rasional seçiminin nəticəsidir.

"Çinin ABŞ-yə münasibətdə siyasəti sabit və ardıcıl olaraq qalır. Çin Amerika tərəfi ilə kommunikasiyanı və əməkdaşlığı gücləndirməyə, fikir ayrılıqlarını və həssas məsələləri lazımi qaydada tənzimləməyə hazırdır", - Van Yi bildirib.

O həmçinin 2026-cı ildə APEC liderlərinin qeyri-rəsmi görüşünün və G20 sammitinin uğurla keçirilməsində qarşılıqlı dəstəyə, eləcə də Çinlə ABŞ arasında konstruktiv strateji və sabit münasibətlərin praktik olaraq reallaşdırılmasına ümid etdiyini bildirib.

Digər xəbərlər