Müharibə, inflyasiya kimi ciddi problemlərlə bərabər iqlim dəyişiklikləri də dünya üçün təhlükədir.
"Report" xəbər verir ki, bunu Braziliya Prezidenti Luiz İnasio Lula da Silva COP31 Liderlər Sammitində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, iqlim dəyişmələri barədə beynəlxalq siyasi tədbirlərdə artıq o qədər də danışılmır:
"Bu ilin əvvəlində iqlim dəyişikliyi qlobal liderlərin çıxışlarından və sənədlərindən yoxa çıxdı. Dünyanın ən böyük istixana qazı emissiya edənlərini özündə birləşdirən forumlar olan G7 və G20 görüşlərində narahatlıq səssizliyə çevrildi. Gələcək nəsillərin sağ qalmasından çox, silah və tariflərdən danışmağa başladıq. Enerji keçidi bəziləri tərəfindən millətlərin təhlükəsizliyi və rifahı qarşısında maneə kimi qəbul edilməyə başlandı. Müharibə və inflyasiya bu gün qapını döydükdə, sabahın iqlim fəlakətini düşünmək daha da çətinləşir. Lakin planet hegemon mübahisələrin, quraqlıqların, daşqınların və dəniz səviyyəsinin qalxmasının mərhəmətinə buraxıla bilməz".
O vurğulayıb ki, vetolar və pulun gücü bu gün siyasi arenada hər şeyi dəyişir:
"Çoxtərəflilik isə diplomatiya üçün qapıları açır".
Braziliya Prezidenti vurğulayıb ki, mövcud iqlim problemləri qarşısında yeniliklərin edilməsi üçün siyasi iradə lazımdır.
"Elm sübut edir ki, fəlakətlərin qarşısının alınması üçün yatırılan investisiya fəlakətin xərcindən son dərəcədə ucuzdur. Tərəfdaş ölkələrin əməkdaşlığı göstərir ki, qlobal fəaliyyət mühüm yerli təsirə malik ola bilər. İqlim böhranı həm də ədalətsizlik böhranıdır. Ölkələlərarası ədalətsizliklər, gender, irq böhranı da dünyada hökm sürür. Zəngin ölkələr planetin hesabına inkişaf ediblər və öz öhdəliklərini yerinə yetirməlidirlər".