Efiopiya COP32-nin üç prioritet istiqamətini açıqlayıb

Efiopiya COP32 iqlim konfransı zamanı diqqətin cəmlənəcəyi üç prioritet istiqaməti açıqlayıb.

"Report"un Antalyaya ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə Efiopiyanın Baş naziri Abiy Əhməd Əli COP31 Liderlər Sammitində çıxışı zamanı bildirib.

O xatırladıb ki, Efiopiya 2027-ci ildə COP32-yə ev sahibliyi edəcək.

"Gündəlikdə əsas yeri qabaqlayıcı tədbirlər tutacaq: xəbərdarlıqlar daxil olduqda maliyyə vəsaitinin ayrılması və ən böyük risklə üzləşənlərə yardım göstərilməsi. Bu iş artıq indidən başlamalıdır. Hər bir maliyyə öhdəliyi üç suala cavab verməlidir: nə qədər, hansı müddətə və hansı şərtlərlə?" - o qeyd edib.

Əhməd Əli vurğulayıb ki, hökumətlərin büdcələri planlaşdırması, investorların investisiya qərarları qəbul etməsi, yerli icmaların isə mümkün nəticələrə hazırlaşması üçün bu cavablar kifayət qədər aydın olmalıdır.

Baş nazir həmçinin qeyd edib ki, inkişaf etməkdə olan ölkələrin beynəlxalq dəstəyə və əlçatan iqlim maliyyələşdirməsinə ehtiyacı var. Onun sözlərinə görə, onlar dövlət borcu üzrə faizlər şəklində təxminən 1 trilyon dollar ödəyirlər, borclanmanın yüksək dəyəri isə iqlim dayanıqlılığının artırılmasına investisiya yatırmaq imkanlarını məhdudlaşdırır.

O, həmçinin tullantılara görə ən böyük məsuliyyət daşıyan və lazımi resurslara malik olan ölkələri cari onillikdə onların azaldılmasında aparıcı rolu öz üzərinə götürməyə çağırıb.

"Efiopiya konfransın uğurlu nəticələrinə nail olmaq üçün COP31 sədrliyi ilə sıx əməkdaşlıq edəcək. Biz sizi Efiopiyada - mənbələr diyarında salamlamaq imkanını səbirsizliklə gözləyirik", - o vurğulayıb.

Digər xəbərlər