Yaponiyanın müdafiə naziri Sindziro Koidzumi hakim Liberal Demokrat Partiyasının (LDP) 2027-ci ilin payızına planlaşdırılan sədr seçkilərində Baş nazir Sanae Takaiçini dəstəkləmək niyyətində olduğunu bildirib.
"Report" Yaponiyanın "Kyodo News" agentliyinə istinadən xəbər verir ki, o bu barədə "Siqnal" internet proqramının efirində danışıb.
"Bu il Nümayəndələr Palatasına keçirilən seçkilərdə seçicilər Takaiçinin rəhbərlik etdiyi LDP-ni dəstəkləyiblər. Hökumətin varisliyini, həmçinin xarici və təhlükəsizlik siyasətinin ardıcıllığını təmin etmək lazımdır. Buna görə də, əgər Takaiçi yenidən öz namizədliyini irəli sürərsə, mən, əlbəttə ki, ona hərtərəfli dəstək verəcəyəm", - Koidzumi deyib.
Müdafiə Nazirliyinin rəhbəri LDP rəhbərliyinə əsas potensial iddiaçılardan biri hesab olunur. Partiyanın Yaponiya parlamentinin Nümayəndələr Palatasında böyük səs çoxluğuna malik olduğunu nəzərə alsaq, onun sədrinin ölkə hökumətinə rəhbərlik etmək şansları yüksəkdir.
Xatırladaq ki, Takaiçi 2025-ci ilin oktyabrında LDP-nin sədri seçilib. O zaman onun rəqibləri Koidzumi, Tosimitsu Moteqi, Takayuki Kobayasi və Yesimasa Hayasi idi.
Baş nazir vəzifəsinin icrasına başladıqdan sonra Takaiçi keçmiş rəqiblərini hökumətdə və partiya rəhbərliyində əsas vəzifələrə təyin edib. Koidzumi Müdafiə Nazirliyinə, Moteqi Xarici İşlər Nazirliyinə, Kobayasi LDP-nin siyasi şurasına, Hayasi isə Daxili İşlər və Kommunikasiyalar Nazirliyinə rəhbərlik edib.
Sentyabr ayında baş tutan kadr dəyişiklikləri zamanı Hayasi istisna olmaqla, Takaiçinin bütün keçmiş rəqibləri öz vəzifələrini qoruyub saxlayıblar.