ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner noyabrın 12-də xüsusi nümayəndə Stiv Uitkoffla birlikdə Moskvaya səfər etməyi planlaşdırdığını bildirib.
"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə o Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında keçirilən üçtərəfli görüşdən sonra bildirib.
Kuşnerin sözlərinə görə, o, Uitkoffla birgə səfər zamanı Rusiya Prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır.
Kuşner tərəflər arasındakı danışıqlarda ərazi məsələsini ən mürəkkəb məsələ adlandırıb. O, əhəmiyyətli irəliləyiş əldə olunduğunu, lakin ərazi məsələsinin ən mürəkkəb olaraq qaldığını bəyan edib.
"Əbu-Dabidəki danışıqlar ilk yaxşı addım oldu", - o qeyd edib.
Rusiya paytaxtına səfərdən sonra ABŞ-nin xüsusi elçiləri Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək üçün Dublinə yola düşmək niyyətindədirlər.
Kuşner qeyd edib ki, Ukraynadakı münaqişə tərəfləri arasında etimad yoxdur. Onun sözlərinə görə, münaqişəni başa çatdırmaq üçün lazımi "inqrediyentlər" artıq mövcuddur, lakin indi onlardan düzgün istifadə etmək vacibdir.