Ukraynanın birinci xanımı Yelena Zelenskaya həyat yoldaşının Prezident seçilməsindən sonra dünya mətbuatının diqqətinə düşmüşdüsə, Rusiya ilə müharibə başlayandan KİV-lərə daha çox müsahibə verməyə, ölkəsinin çətin durumu ilə bağlı çağırışlar etməyə, yardımlar cəlb etməyə başladı. Xanım Zelenskaya “Report”un Şərqi Avropa bürosuna eksklüziv müsahibəsində müharibənin fəsadlarından, ölkəsindəki insanların çətin vəziyyətindən, mədəniyyət abidələrinin dağıdılmasından, özünün digər birinci xanımlarla oxşar və fərqli fəaliyyətindən, xüsusilə də yardımlar toplamasından, yaratdığı Yelena Zelenskaya Fondundan danışıb. Beləliklə, Ukraynanın birinci xanımı Yelena Zelenskayanın müsahibəsini təqdim edirik:
- Mövcud şəraitdə həyat yoldaşınız Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi böyük təzyiq altındadır. Belə bir vəziyyətdə Ukraynanın birinci xanımı kimi həyatınız, rolunuz və məsuliyyətlərinizdə nəcə dəyişikliklər oldu? Ölkə Prezidentinə və vətəninizə kömək etməkdə əsas fəaliyyətləriniz nədən ibarətdir?
- Birinci xanımlar adətən öz rollarına uyğun olaraq ənənəvi qadına məxsus funksiyaları yerinə yetirir, yəni ölkənin səhiyyə və ya mədəniyyətinin qayğısına qalır. Gördüyünüz kimi, mənə birinci xanımın funksiyalarına bu ənənəvi baxışı bir az dəyişmək imkanı verildi - baxmayaraq bu mənim seçimim deyildi, şərait gətirib buna çıxartdı. Birinci xanımlar silah istəmir. Birinci xanımlar beynəlxalq tribunal tələb etmir - amma mən bunu edirəm, çünki Ukraynadakı müharibə "protokol" rollarını qismən bərabərləşdirib. Hamımız qalib gəlmək üçün əlimizdə olan imkanlardan maksimum istifadə etməyə çalışırıq.
Mənim imkanım isə diplomatik cəbhənin iştirakçılarından biri olmaq idi. Müharibədən əvvəlki fəaliyyətlərimə müvafiq nazirliklərlə birlikdə azad cəmiyyətin inkişafı, mədəni diplomatiya layihələri, məktəblərdə qida islahatı, psixi sağlamlıq daxil idi. İndi bütün bunlarla yanaşı, səfirliklərimiz, dövlət qurumlarımızla birgə informasiya missiyasını həyata keçiririk: xaricdə müharibəmizdən danışır, onları bizə yardım etməyin (həm humanitar, həm də hərbi yardım), məcburi köçkünlərimizə qayğı göstərməyin zərurət olduğuna inandırıram, və mədəniyyətimizin bütün dünyada getdikcə daha çox tanınması üçün əlimdən gələni edirəm. Biz çalışırıq ki, heç bir ölkə Rusiyanın başlatdığı müharibə haqqında danışmağı dayandırmasın, bizim ehtiyaclarımızı başa düşsün və Ukraynanın təkcə özü üçün mübarizə aparmadığını dərk etsin. Ukrayna demokratiya, azadlıq və bütün dünyanın bəşəri dəyərləri naminə mübarizə aparır.
- Belə bir deyim var ki, “Güllələr danışanda, ilham pəriləri susur”. Lakin mövcud şəraitdə belə Siz öz layihələrinizi davam etdirirsiniz, o cümlədən başqa ölkələrdə ukrayna dilini tədris etdirir, ana dilinizdə kitablar çap edirsiniz. Bəs müharibə dövründə bu layihələr hansı dəyişikliklərə məruz qaldı?
- Fakt budur ki, Rusiya silahları mədəniyyətimizə hücum edir, ona görə də susmaq olmaz. Məqsədli şəkildə və qəsdən hücuma keçərək mədəni irsi və bu irsi ərsəyə gətirənləri məhv edirlər. Rusiyalılar muzeylərimizi qarət edirlər: təkcə Xerson vilayətindən 15 mindən çox rəsm götürülüb. Onların bombaları tək Mariupol Teatrını dağıtmayıb, biz 1 100-dən çox mədəni infrastruktur obyektinin dağıdılmasını və ya zədələnməsini sənədləşdirmişik. Ona görə də indi bizim vəzifəmiz Ukrayna mədəniyyətinin dünyada həmişəkindən daha çox tanınmasını təmin etməkdir. Mədəniyyət bizim şahidimizdir və indi yaşadıqlarımızı əks etdirən səsimizdir. Ona görə də bu səs ucadan səslənməlidir, düşmən işğalına qarşı mübarizəmizdə bizi daha da gücləndirməlidir.
Səsimizi bütün dünyaya necə çatdıra bilərik? Əlbəttə, hər birimizin əməyi ilə. Müharibənin bizi hansı ölkəyə gətirib çıxarmasından asılı olmayaraq, bu gün hamımız öz mədəniyyətimizin səfirləriyik. Dilimizi, adət-ənənəmizi, musiqimizi, ədəbiyyatımızı özümüzlə daşıyırıq. Mədəniyyətimiz vasitəsilə biz nə üçün mübarizə apardığımızı, nəyin tərəfdarı olduğumuzu və dəyərlərimizin nə olduğunu açıq şəkildə göstəririk.
Ona görə də müharibədən əvvəl başladığım layihələr nəinki aktuallığını itirmədi, əksinə, əlavə məna kəsb etdi. Məsələn, artıq 35 ölkədə istifadəyə verdiyimiz dünyanın mədəni görməli yerləri ilə bağlı ukraynadilli audiobələdçilər təkcə turistlər üçün rahatlıq deyil, həm də Ukraynanın və sivil dünyanın ortaq bir dilinin - xalqların dilinin olduğuna işarədir. Bu mədəniyyət dilidir. Yeri gəlmişkən, belə bələdçilər Azərbaycanda da mövcuddur, mənim təşəbbüsümlə ilk ukraynadilli audiobələdçilərdən biri 2020-ci ilin avqustunda Bakıda Milli Xalça Muzeyində istifadəyə verildi. Bu yaxınlarda biz Qobustan Milli Parkında ikinci audiobələdçimizi istifadəyə verdik. Buna görə diplomatlarımıza və Azərbaycanın Mədəniyyət Nazirliyinə son dərəcə minnətdaram. Arzu edirəm ki, Azərbaycanda növbəti audiobələdçi Heydər Əliyev Mərkəzində ərsəyə gəlsin.
Ukraynalılar dünyanın başqa ölkələrində məskunlaşmaq məcburiyyətində qalıblar və biz onların öz ana dili ilə əlaqəsini kəsməməsi üçün əlimizdən gələni edirik. Rusiyanın təcavüzü nəticəsində evlərini tərk etmiş uşaqlar üçün “Sərhədsiz kitablar” layihəsi çərçivəsində Ukrayna dilində 280 min kitab çap etmişik. Biz bu kitabları Avropanın 20 ölkəsinə çatdırmışıq. "Ukrayna kitab rəfi" 25 ölkənin ən böyük kitabxanalarında açılıb - burada əcnəbilərə Ukraynanı daha yaxşı başa düşməyə kömək edən tərcümə nəşrlər və yenə də xaricdəki ukraynalılar üçün orijinal dildə olan kitablar təqdim edilib.
Ukrayna mədəniyyəti dünya mədəniyyətinin bir hissəsidir və biz onu itirsək, bu, bütün dünya üçün itki olacaq. Müharibə bizim qələbəmizlə bitəndən sonra və həmvətənlərimiz evə qayıda bildiyi zaman, ölkəmiz və mədəniyyətimiz haqqında bu biliklər yaddaşlarda qalacaq.
- BBC-yə verdiyiniz müsahibədə nə qədər qaçacağınızı bildiyiniz zaman marafona tab gətirə biləcəyinizi söylədiniz. Sizcə, Ukrayna hara qədər dözüb ayaqda qala biləcək? Bu marafonun sonu hardadır?
- Belə hiss edirəm ki, marafon tədricən "Dəmir Adam" filminə bənzər bir hal aldı - bu, bəlkə də insanın taleyi boyunca üzləşə biləcəyi ən çətin sınaqdır və bu hazırda ukraynalıların qismətinə düşüb. Finiş xəttinin nə vaxt olacağını bilmirik, amma əminik ki, bu yarış bizim qələbəmizlə başa çatacaq və ən vacibi də budur. Elə bu inam, bizə ayaq üstdə dayanmaq üçün güc verir.
Bizim yanımızda “qaçan” adamlar isə doğrudan da “dəmir”dəndir, mən istisnasız olaraq bütün ukraynalıları nəzərdə tuturam. Qələbəyə, mübarizəmizin ədalətinə və bu uzun yolda yanımızda olan insanlara olan inam sayəsində on ay sinə gərmişik və nə qədər lazımdırsa, mübarizəmizi davam etdirəcəyik.
- “Vogue” jurnalının fotosessiyasından sonra çoxları sizə heyran oldu, amma tənqidi fikir bildirənlər də var idi. Buna münasibətiniz necə oldu? Niyə bu layihəyə razı oldunuz?
- Dünya ictimaiyyətinin məni eşitməsi üçün hər fürsətdən istifadə edirəm. Əgər bu fürsət milyonlarla auditoriyaya malik dəb jurnalı vasitəsilə olacaqsa ondan imtina etməliyəmmi? Əgər bu fürsət dünyanın ən peşəkar və məşhur fotoqraflarından biri tərəfindən çəkilmiş, bir daha müharibəyə diqqət çəkməyə imkan verəcək fəsahətli fotoşəkillərdədirsə, əlbəttə ki, bundan istifadə edəcəm! Daha doğrusu bu mənim borcumdur. Mənim üçün vacib məqam odur ki, çəkilişlər və müsahibələr on milyonlarla insana Ukraynada baş verənlər barədə danışmaq imkanı verdi və mən əminəm ki, bu real dəstəyə çevriləcək. Və fotolara qarşı olan tənqidlər əhəmiyyət kəsb etmir.
- Başqa ölkələrin birinci xanımları ilə əlaqə saxlayırsınızmı və indiki şəraitdə onların fəaliyyətinizə hər hansı bir dəstəyi varmı?
- Dünyadakı həmkarlarımla davamlı əməkdaşlıq bu çətin ildə mənim üçün ən mühüm qələbələrdən biridir. Keçən il mən Birinci Xanımlar və Cənablar Sammitini - birinci şəxslərin həyat yoldaşlarından ibarət dünyanın ilk peşəkar icmasını təsis etdim. O zaman bu icma təcrübə mübadiləsi yolu ilə dünyanı daha yaxşı bir yerə çevirmək üçün yaradılmışdı. O zaman heç kim təsəvvür etmirdi ki, biz bu dünyanı xilas etməli olacağıq. Konkret olaraq desək ölkəmizi.
İkinci Sammit bu il baş tutdu. Müharibəyə baxmayaraq, tədbir Kiyevdə qismən oflayn rejimdə keçirildi və indi bu qərarın nə qədər düzgün olduğunu başa düşürəm! Sammitdə iki dəfə çox nümayəndə - 23 birinci xanım və 40-dan çox dəvət olunmuş məruzəçi iştirak edib. Ən əsası biz 6,4 milyon dollar topladıq ki, bu da bizə Ukrayna Səhiyyə Nazirliyinin ehtiyacları üçün 84 təcili yardım maşını almağa imkan verdi. Bu, bizim birgə işimizin konkret nəticəsidir.
Amma əsas nəticə ondan ibarətdir ki, Sammit adi bir tədbirdən daimi platformaya çevrildi. Biz mütəmadi olaraq həmkarlarımıza zəng edərək əldə etdiklərimizi müzakirə edirik. Sentyabr ayında BMT Baş Assambleyası zamanı birinci xanımlar və cənabların səhər yeməyi formatında görüşünü keçirdik. Birgə həyata keçirdiyimiz layihələrin bəziləri misilsizdir. Buna Polşa və Fransanın birinci xanımları ilə birlikdə həyata keçirdiyimiz ukraynalı uşaqların tibbi evakuasiyasını misal göstərmək olar.
Sammit tədbir kimi gələn il də keçiriləcək, biz artıq hazırlıqlara başlamışıq. Mən dünyanın hər yerindən birinci xanımları və cənabları bizə qoşulmağa dəvət edirəm - Ukrayna nümunəsi göstərir ki, sammit qlobal humanitar böhranlarla mübarizədə son dərəcə təsirli vasitədir.
- Azərbaycan Ukraynaya humanitar yardım edən və onun ərazi bütövlüyünü dəstəkləyən ölkələr sırasındadır. Bu dəstəyi necə qiymətləndirirsiniz?
- Biz Ukraynaya edilən hər bir yardıma görə minnətdarıq. Müharibə artıq on aydır ki davam edir və dağıntıların miqyası inanılmazdır. Enerji infrastrukturumuz, xəstəxanalarımız, məktəblərimiz və mədəniyyət abidələrimiz bərpa olunmalıdır. İnsanların sağalmağa ehtiyacı var! Həm mənəvi, həm də fiziki. Mən Yelena Zelenskaya Fondunu məhz bu məqsədlə yaratdım: onun qarşısında səhiyyənin dərhal bərpası və ukraynalılara humanitar yardımın göstərilməsi üçün resurslar tapmaq vəzifəsi durur. Beləliklə, dünyanın hər yerindən istənilən şəxs, biznes və ya təşkilat kömək edə bilər. Odur ki, kömək etmək yolları axtarırsınızsa, Fondla əlaqə saxlaya bilərsiniz. Mən bilirəm ki, bu yaxınlarda Azərbaycan bizə generator və transformatorların böyük partiyasını göndərdi. Bu, bütün bölgələrdəki əhalimizin çox ehtiyac duyduğu avadanlıqdır və biz buna görə minnətdarıq. Ukraynaya və ukraynalılara kömək etməyin bir çox yolu var və biz istənilən formada dəstəyə görə minnətdarıq.