Yaşar Sarı: Qərbi Azərbaycanda dağıdılan abidələrin bərpası ilə bağlı Monitorinq Mərkəzi yaradılmalıdır

Xarici siyasət
  • 05 dekabr, 2025
  • 10:46
Yaşar Sarı: Qərbi Azərbaycanda dağıdılan abidələrin bərpası ilə bağlı Monitorinq Mərkəzi yaradılmalıdır
Yaşar Sarı

Bakıda "Mədəni irs və qayıdış hüququ" mövzusunda baş tutan III beynəlxalq konfrans çərçivəsində "Qayıdış hüququ və mədəni irs: hüquqi və mənəvi əsaslar" adlı panel sessiyası keçirilib.

"Report" xəbər verir ki, sessiya çərçivəsində çıxış edən Türkiyənin Heydər Əliyev adına Avrasiya Araşdırmalar Mərkəzinin direktoru Yaşar Sarı tarixdə azərbaycanlıların torpaqlarından qovulması üçün məqsədli siyasət yürüdüldüyünü vurğulayıb:

"Biz qəbul etməliyik ki, azərbaycanlılarla bağlı ədalətsizlik baş verib və qərbi azərbaycanlılara qarşı bu ədalətsizlik əsrlər boyu davam edib. Artıq Azərbaycan və Ermənistan sülhdən danışır. Davam edən sülh prosesinin təməli isə həm də Qərbi azərbaycanlıların dinc şəkildə yurdlarına qayıdışının təmin edilməsindən ibarətdir. Qərbi azərbaycanlıların öz torpaqlarındakı tarixi və mədəni abidələri dağıdılıb, onlar da bərpa edilməlidir. Bu, beynəlxalq konvensiyalarla dəstəklənən bir məsələdir. Azərbaycan və Ermənistan arasında bağlanılan saziş də buna təkan verə bilər. Ancaq bununla belə, Monitorinq Mərkəzi yaradılmalıdır. Həmçinin BMT prosesə cəlb olunmalıdır. Xüsusilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı məsuliyyəti üzərinə götürməli və qayıdış üçün şərait yaradılmalıdır. Qayıdışdan sonra isə mühafizə və mədəni hüquqlar mexanizmi yaradıla bilər".

Fransız tarixçi, alim Maksim Quin (Maxime Gauin), öz növbəsində, ermənilərin azərbaycanlılara qarşı etnik təmizləməsinin üçtərəfli formatda baş verdiyini söyləyib:

Maksim Quin

"Ermənilərin şişirdilmiş ərazi iddialar Cənubi Qafqaz üçün təhlükədir. Azərbaycanlılara qarşı 1988-1991-ci illərdə etnik təmizləmənin son dalğası baş tutub. Ermənistan bununla tamamilə azərbaycanlıları öz yurdlarından çıxarıb. Bu isə növbəti illərdə Ermənistanın Bakı-Tbilisi-Qars, TANAP, Bakı-Tbilisi-Ceyhan kimi layihələrindən təcrid olunması ilə nəticələnib. Bu gün isə Azərbaycan və Ermənistan arasında sülh prosesi davam edir. Bu hadisələr isə qayıdış məsələsini gündəmə gətirir, çünki qayıdış üçün münbit şərait yaranıb. Əslində bu, Ermənistanın özü üçün qərbi azərbaycanlıların qayıdışı daha müsbət hadisədir. Çünki ona qarşı formalaşmış milliyyətçi narrativlərin aradan qaldırılmasına xidmət edəcək, Türkiyə və Azərbaycanla da əlaqələri yaxşılaşacaq".

ABŞ-nin Devis Mərkəzində Soyuq Müharibə Tədqiqatları layihəsinin direktoru Dr. Mark Nathan Kramer isə qeyd edib ki, müharibə zamanı tərəflər düşmənin əsaalarını sarsıtmağa çalışır, bu zaman müqəddəs yerləri də dağıtmağa cəhd göstərirlər:

"Lakin münaqişədən sonra sülh istənilirsə, dağıdılmış mədəni irsin bərpası vacibdir. Qərbi azərbayxanlılar kontekstində də onların torpaqlarına qayıdışı üçün yurdlarındakı mədəni-tarixi abidələri bərpa olunmalıdır".

Mark Nathan Kramer

Sonda Professor, İspaniyanın Beynəlxalq Paneuropean İttifaqının Baş katibi Prof. Carlos Uriarte Sánchez çıxış edərək mədəni irsin sülhün bərqərar olunmasındakı rolundan danışıb:

"Qayıdış hüququ təməl insan hüququ olaraq qəbul olunur və beynəlxalq humanitar hüququn özülünü təşkil edir. Bu, əxlaqi və əsaslı prinsipdir. Mədəni irs isə həm maddi, həm qeyri-maddi olduğu halda fərdlərin, icmaların yaşayışının özəyini təşkil edir. Avropa İttifaqı və Avropa Şurası dəfələrlə vurğulayıb ki, mədəni irs cəmiyyətin əsas sütunudur. Əxlaqi təməllərə gəldikdə isə mədəni irs dialoq və sülh üçün körpü sayılır. Ona görə də qərbi azərbaycanlıların qayıdışı baxımından onların mədəni irsinin bərpası vacib məsələdir".

Son xəbərlər

Bütün Xəbər Lenti