BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyimiz çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə sahəsində nüvə texnologiyalarından dinc məqsədlər üçün əlçatan istifadə naminə resursların cəlbinin təşviqi ilə yanaşı, nüvə təhlükəsizliyi amilini ön planda saxlayacağıq.
"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nüvə Enerjisi Sammitində çıxışı zamanı deyib.
Nazir Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) bu istiqamətlərdə göstərilən səylərə mümkün töhfəsinin əhəmiyyətli rol oynayacağına inandığını qeyd edib.
Azərbaycanın milli səviyyədə nüvə texnologiyalarından istifadə təcrübəsi barədə ətraflı məlumat verən C.Bayramov AEBA ilə birgə Azərbaycan üçün ən vacib çağırışlardan biri olan mina təhdidi ilə mübarizə sahəsinə nüvə texnologiyasının tətbiqinin mümkünlüyünün tədqiq edilməsi üzərində çalışıldığını diqqətə çatdırıb. Bu sahədə prioritetin nüvə enerjisindən istifadə imkanlarının araşdırılması zamanı nüvə təhlükəsizliyinə xüsusi diqqət edilməsi olduğu vurğulanıb.