Xalid Əl-Qeyt: Cəmiyyət qarşılıqlı hörmət üzərində qurulmalıdır

Xarici siyasət
  • 26 may, 2025
  • 10:37
Xalid Əl-Qeyt: Cəmiyyət qarşılıqlı hörmət üzərində qurulmalıdır

Ali İnsan Qardaşlığı Komitəsinin baş katibi Xalid Əl-Qeyt (Khalid Al-Ghaith) qarşılıqlı hörmətə əsaslanan cəmiyyət qurmağa çağırıb.

“Report” xəbər verir ki, o, bunu Bakıda “İslamofobiya: qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.

Onun sözlərinə görə, komitə bütün insanların bərabər olduğu və dini inancından, mənşəyindən və ya sosial vəziyyətindən asılı olmayaraq hər bir insanın qarşılıqlı anlaşma və hörmət mühitində yaşamağa layiq olması ilə bağlı sadə ideyanın tərəfdarıdır.

"Biz komitə çərçivəsində icmalarda etimadı gücləndirməyə yönəlmiş proqramlar həyata keçiririk. Məktəblərdə uşaqlara müxtəlifliyə hörmət və onu qəbul etməyi öyrədən təhsil təşəbbüslərini dəstəkləyirik. Avropada inklüzivliyin müdafiəçilərinin yeni nəslinin formalaşmasına yönəlmiş liderlik layihələri tətbiq edirik", - Əl-Qeyt bildirib.

Baş katib birliyin gücləndirilməsində mədəniyyət və incəsənətin əhəmiyyətini xüsusi qeyd edib, həmçinin dayanıqlı icmaların qurulmasına kömək edən siyasətin hazırlanmasında hökumətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığın vacibliyini vurğulayıb.

"Məqsədimiz sadəcə dözümlülüyə nail olmaq deyil, insanların həqiqətən birlikdə hörmət şəraitində yaşadığı bir cəmiyyət qurmaqdir. İnsan qardaşlığının mahiyyəti bundan ibarətdir. Vəzifəmiz xoş niyyətləri real dəyişikliklərə çevirməkdir", - o qeyd edib.