Azərbaycanın Fransa və Vatikandakı səfiri Rəhman Mustafayev Müqəddəs Taxt-Tacın bir sıra rəsmiləri ilə görüşlər keçirib.
“Report” xəbər verir ki, bu barədə diplomat dünən “Twitter” səhifəsində məlumat paylaşıb:
“Vatikanda Dövlət Katibliyi sədrinin müavini Edqar P.Parra və Pontifik Şurası dinlərarası dialoq katibi kardinal Migel A.Quikso ilə səmərəli görüşlərimiz olub. Gündəlikdə regionumuzdakı postmünaqişə vəziyyəti, Azərbaycanın sülh təşəbbüsləri, Azərbaycanla Vatikan arasındakı əməkdaşlığın gücləndirilməsi məsələləri olub”.
Görüşlərdən sonra keçirilən mətbuat konfransında səfir bildirib ki, Qarabağ münaqişəsi artıq başa çatıb və indi barışmaq vaxtıdır: “Müharibə başa çatıb, münaqişə də bitib. Hazırda başlıca məsələ erməni işğalından azad olunmuş Azərbaycan ərazilərini minalardan təmizləmək, bərpa etmək, Azərbaycan – Ermənistan dövlət sərhəddinin delimitasiyası və demarkasiyasını keçirmək, iki ölkə arasında sülh sazişi imzalamaqdır. İndi barışmaq vaxtıdır. Biz regionda sülh, əmin-amanlıq, inkişaf tərəfdarıyıq”.