Ukraynanın daxili işlər naziri: "Ən dəhşətli rəqəmlər Donetsk vilayətində ola bilər" - MÜSAHİBƏ

Ukraynanın daxili işlər naziri: "Ən dəhşətli rəqəmlər Donetsk vilayətində ola bilər" - MÜSAHİBƏ Ukraynanın daxili işlər naziri Denis Monastırskinin “Report”un Şərqi Avropa bürosuna müsahibəsi.
Xarici siyasət
1128
14 May , 2022 15:04
Ukraynanın daxili işlər naziri: Ən dəhşətli rəqəmlər Donetsk vilayətində ola bilər - MÜSAHİBƏ

Ukraynanın daxili işlər naziri Denis Monastırskinin “Report”un Şərqi Avropa bürosuna müsahibəsi.

- Rusiyanın Ukraynaya qəfil hücumu, artıq üç aydır davam edən müharibə nəticəsində neçə dinc sakin ölüb? Onların neçəsi uşaq, qadın, qocadır? Daxili İşlər Nazirliyi bununla bağlı neçə faktla bağlı araşdırmalara başlayıb?

- Təəssüf ki, bu gün biz yalnız bu dəhşətli müharibənin qurbanlarının bir hissəsindən danışa bilirik. Ona görə də bu gün səslənən istənilən rəqəm müharibənin real qurbanlarının sayının heç onda biri də deyil. Bu niyə belə olur? Bu gün biz müharibə nəticəsində həyatını itirən 3 444 dinc sakindən danışırıq. Onlardan 226-sı uşaqdır. Niyə bu rəqəmlərdir? Çünki biz identifikasiya elədiyimiz, yəni cəsədlərini əldə etdiyimiz və şəxsiyyətlərini müəyyənləşdirdiyimiz insanlardan danışırıq. Bir qayda olaraq, ən böyük rəqəmlər Kiyev vilayəti ilə bağlı olur. Orada hər gün ölənlərin sayı artır. Təxminən bir həftə əvvəl biz 3 400-dən az dinc sakindən danışırdıqsa, bu gün bu rəqəm 3 400-dən çoxdur və biz 3,5 min göstəricisinə yaxınlaşırıq. Kiyev vilayətində hər gün dinc sakin öldürülür, aralarında işgəncələrə məruz qalanları da olur. Biz hələ orada, məsələn, meşələrə, meşə zolağına çatmamışıq. Orada da çox sayda qurban olacağını gözləyirik. Çünki Rusiya hərbçilərinin meşələr tərəfdə insanları güllə-baran etməsi ilə bağlı çoxlu informasiya var. O ərazilər hələ minalardan təmizlənmədiyindən ora çıxışımız yoxdur. Rusiya hərbçiləri Kiyev vilayətini tərk edərkən qısa zamanda bütün meşə zolağına minalar döşəyib ki, ukraynalılar bu əraziyə yaxınlaşa bilməsin. Say baxımından ikinci yerdə Donetsk və Luqansk vilayətləridir. Amma anlamalıyıq ki, bu gün, təəssüf ki, Luqansk vilayətinin böyük hissəsinə, belə götürsək, elə bütün ərazisinə çıxışımız yoxdur. Çünki Luqanskın ordularımızın nəzarətində olan hissəsində bu gün şiddətli döyüşlər gedir və biz, təbii olaraq, yaşayış məntəqələrinə və oradakı qurbanlarla bağlı məlumata çıxışı əldə edə bilmirik. Anlayırıq ki, ən dəhşətli rəqəmlər Donetsk vilayətində ola bilər. Volnovaxa, Mariupol kimi şəhərlərdə dinc sakinlər arasında minlərlə qurbanın ola biləcəyini düşünürük. Ona görə də bu rəqəmlər hər gün artan istiqamətdə dəyişir. Anlamalıyıq ki, realda bu rəqəmləri ən azı bir neçə dəfə çox qiymətləndirməliyik.

- Kiyev vilayətindəki Buça şəhərində oldum. Çox sayda zorlanma olduğuna dair sakinlərin danışdıqlarını eşitdik. Bu hallarla bağlı nə qədər fakt sizə məlumdur və neçə cinayət işi açılıb?

- İndi bu dəqiqə dəqiq rəqəmi deyə bilmərəm. Çünki onların hamısını yadda saxlamaq olmaz. Amma zorlama faktları olması ilə bağlı çox sayda şahid qadınlarımız var. Təəssüf ki, onların çoxu sonradan öldürülüb. Ona görə də indi prosedur belə aparılır: qadın meyiti aşkar edilərkən əvvəlcə ölümün səbəbi müəyyənləşdirilir, sonra zorlanma olub-olmamasını yoxlamaq üçün ekspertizaya göndərilir. Bütün bunlar xeyli müddət aparır. Ona görə bu gün dəqiq sayı deyə bilmərik. Onlarla belə hal üzrə onlarla cinayət işinin açıldığını deyə bilərəm. Amma işğal edilən ərazilərdən qaçmağı bacaran qadınların çoxu digər ölkələrə, məsələn, Polşaya, Bolqarıstana və s. gedib. Biz internetdə yazılanlardan, belə qadınların qohumlarının dediklərindən belə faktların olmasına dair müəyyən məlumatlar toplayırıq. Odur ki, ölkəni tərk etmiş qadınlardan xahiş edirik ki, yaradılmış xüsusi birləşmiş beynəlxalq istintaq qrupuna bu barədə məlumat versinlər. Onlar bunu olduqları ölkədən edə bilərlər. Ancaq bu cinayətlərin özəlliyi ondadır ki, qurban yenidən həmin anları xatırlamamaq üçün bu barədə danışmamağı üstün tutur. Qurban başverənləri danışarkən yenidən həmin anlar onun gözünün qarşısında canlanır, o yenidən həmin həyəcanı, ən mənfi emosiyaları, cinayət baş verərkən yaşadığını travmanın eynisini yaşayır. Ona görə də anlayırıq ki, indi müəyyən etdiyimiz hallar başverənlərin çox kiçik hissəsidir, bu cür hallarının qurbanlarının sayının xeyli artacağını, qadınların tədricən daha çox ifadələr verəcəyini və istintaqın bu ifadələrə çıxış əldə edəcəyini proqnozlaşdırırıq.

- Ukrayna Daxili İşlər Nazirliyinin qüvvələrinin müharibədəki fəaliyyətini necə təsnif edə bilərsiniz? Biz vaxtaşırı Ukrayna rəsmilərindən Silahlı Qüvvələrdə sursat çatışmazlığı ilə bağlı xəbərlər eşidirik. Daxili İşlər Nazirliyində bu məsələ ilə bağlı vəziyyət nə yerdədir? Zəhmət olmasa, açıqlana biləcək məlumatları bizimlə paylaşardınız.

- Demək lazımdır ki, hazırda Ukraynanı əlisilahlı müdafiə etmək istəyənlərin sayı həqiqətən çoxdur. Amma bəzi ərazilərə silah-sursat təchizatı ilə bağlı problemlərin olduğun həqiqətdir. Çünki bu gün Ukraynada gedən müharibə kimi müharibə dünyada onillərdir baş vermirdi. Bunu indiyə qədər baş vermiş heç bir münaqişə ilə müqayisə etmək olmaz. Çünki burada bütün növ müasir silahlardan istifadə olunur, havadan, sudan atəş açırlar, raket zərbələri endirilir. Artilleriyadan istifadə o qədər sıxdır ki, digər ölkələrin hərbi ekspertləri ilə danışarkən onlar heç yerdə belə intensivlik və davamlılıq görmədiklərini deyirlər. Ona görə də həqiqətən cəbhənin bəzi yerlərində silah-sursat təchizatı ilə bağlı problem yaşanır. Artilleriyaçılarımız həqiqətən işinin ustalarıdır. Minimum sursatla düşmənə maksimum ziyan vururlar. Bu gün internetdə, o cümlədən yutubda onlarla, yüzlərlə belə video görə bilərsiniz. Bu, birbaşa artilleriyaçılarımızın işidir, pilotsuz uçuş aparatlarımızın işidir. Bu, müasir müharibənin ayrıca, böyük bir hissəsidir. Müharibədən sonra silahlanma baxımından bunun xüsusi qiymətləndiriləcəyini düşünürəm. Bu gün ukraynalı hərbçilər möcüzələr edirlər. Qarşımızda dayanan növbəti çağırış amerikalı tərəfdaşlarımızın verdiyi silahlardan – 155 mm-lik “M777” haubitsalarından istifadəni tezləşdirməkdir. Planla arsenala qəbul edilən hər yeni silahdan istifadənin öyrənilməsi bir neçə aya nəzərdə tutulur. Amma görürük ki, bizim artilleriyaçılarımıza bu silahı mənimsəyib, cəbhədə istifadə etmək üçün bir neçə həftə də bəs edəcək.

- Bilirik ki, Rusiyanın Ukraynadakı müharibəsində əsas hücum vasitələrindən biri diversiya qruplarıdır. Bu günə qədər neçə diversiya qrupu zərərsizləşdirilib? Neçə belə faktla bağlı Daxili İşlər Nazirliyi tərəfindən araşdırma aparılır? Sirr deyilsə, nə qədər diversantı zərərsizləşdirmisiniz və hazırda vəziyyət necədir?

- Bu, xüsusən müharibənin ilk günlərində qarşımızda dayanan əsas çağırışlardan biri idi. Kiyevə, digər böyük şəhərlərə, o cümlədən Odessaya, Xarkova, Mariupola, Xersona və başqalarına onlarla diversiya qrupları daxil olurdu. Onların məqsədi dövlətin rəhbərliyinə maksimum ziyan vurmaq, müdafiə vasitələrini, şəhərlərin həyat fəaliyyətini, məsələn, elektrik yarımstansiyalarını, qazpaylayıcı qovşaqları sıradan çıxarmaq idi. Çünki müharibə, xatırladığınız kimi, fevralın 24-də başlayıb. O vaxt da hava çox soyuq idi. Məsələn, Kiyevin hansısa rayonu istilikdən məhrum olsaydı, bu, müvafiq sahənin belə çağırışların öhdəsindən gəlməsini sual altına salardı. Belə halların qarşısını almaq üçün polisdə 123 xüsusi əməliyyat qrupu yaradıldı. Onların məqsədi bütün ölkə ərazisində belə diversiya qruplarını aşkarlamaq, ifşa etmək, üzə çıxarmaq və saxlamaq idi. O dövrdə gündə yüzlərlə məlumatı yoxlamalı olurduq. Onların 90 faizi feyk çıxırdı. Sonradan bunun Rusiya tərəfdən qəsdən atılan addım olduğunu başa düşdük. Onlar diversiya qruplarını aşkar etməməyimiz üçün bizi çaşdırmaq istəyirdi. Amma təkcə polisimiz 88 belə diversiya qrupunu aşkar və ifşa edib. Bu, böyük rəqəmdir. Bu qrupların tərkibinə 700-dən çox insan daxil idi. Başqa sözlə, onlar müxtəlif tapşırıqlar almış böyük diversiya qrupları idi. Onların hamısı həbs olunub, bəziləri də həbs zamanı müqavimət göstərdiyinə görə məhv edilib. Çünki saxlama mümkün olmadıqda diversantın məhv edilməsi ilə bağlı konkret və aydın göstəriş vermişdim. Bütün bu hallarda cinayət işi açılırdı. Onların bəziləri hələ də davam edir, bəziləri isə artıq Təhlükəsizlik Xidmətinə ötürülüb. Bu gün diversiya qruplarının müasir müharibənin ciddi silahı olduğunu, onların Ukraynanın iqtisadiyyatına, müdafiəsinə ziyan vura biləcəyini anlayırıq. Hətta ali baş komandanın ətrafındakılara, bilavasitə Ukrayna Prezidentinə qarşı sui-qəsd təşkil olunacağına dair xeyli məlumat da almışdıq. Odur ki, bunun yaxın gələcəkdə hüquq-mühafizə orqanlarımız üçün ciddi çağırış olaraq qalacağını anlayırıq.

Son xəbərlər

Orphus sistemi