"Avropanın mədəniyyət paytaxtı Vesprem şəhəri ilə Türk dünyasının mədəniyyət paytaxtı Şuşa şəhəri arasında əməkdaşlıq müqaviləsi imzalanmaqla mədəniyyət fəaliyyətlərimiz üçün yeni imkanlar açıldı".
"Report"un Ankara Bürosunun məlumatına görə, bu sözləri Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Rayev tviter səhifəsində paylaşıb.
O, paylaşımında TÜRKSOY-un Daimi Şurasının qərarı ilə 2023-cü ildə Şuşa şəhərinin türk dünyasının mədəniyyət paytaxtı elan edildiyini xatırladıb. Bu səbəbdən Baş katib qeyd edib ki, bu fürsəti hər baxımdan dəyərləndirmək lazımdır: "Mədəniyyət, maarifləndirmə, təbliğat fəaliyyətləri istiqamətində bu fürsətdən istifadə etməliyik”.
Qeyd edək ki, yanvarın 30-da Prezident İlham Əliyevin Macarıstana səfəri çərçivəsində Azərbaycanın Şuşa şəhəri və Macarıstanın Vesprem şəhəri arasında dostluq əlaqələrinin təsis edilməsi və mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sənədi Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Vesprem şəhərinin meri Gyulya Porqa imzalayıblar.