Türkmənistan torpaq idarəçiliyi sahəsində Azərbaycanın təcrübəsini öyrənmək istəyir

Türkmənistan torpaq idarəçiliyi sahəsində Azərbaycanın təcrübəsini öyrənmək istəyir Türkmənistan nümayəndə heyəti Milli Məclisdə olub
Xarici siyasət
1 Noyabr , 2016 18:30
Türkmənistan torpaq idarəçiliyi sahəsində Azərbaycanın təcrübəsini öyrənmək istəyir

Bakı. 1 noyabr. REPORT.AZ/ Azərbaycanda səfərdə olan Türkmənistan Məclisi sədrinin müavini Qurbangül Bayramovanın başçılıq etdiyi nümayəndə heyəti Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov ilə görüşüb.

Milli Məclisin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, V.Ələsgərov ölkələrimiz arasında dərin dostluq əlaqələrinin mövcud olduğunu söyləyib, illər öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Türkmənistanın o vaxtkı rəhbərliyi arasında keçirilən görüşlərin, aparılan danışıqların əhəmiyyətini xüsusi vurğulayıb: "Bu gün də bu ənənə yüksək səviyyədə, dövlət rəsmiləri tərəfindən davam etdirilir. Təqdirəlayiq haldır ki, ölkələrimiz nüfuzlu beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyirlər."

Qurbangül Bayramova bildirib ki, nümayəndə heyətinin bu səfəri BMT-nın layihəsi çərçivəsində həyata keçirilir və torpaq islahatları ilə bağlıdır. Biz torpaq idarəçiliyi sahəsində Azərbaycanın təcrübəsini öyrənmək və ondan bəhrələnmək niyyətindəyik.

Türkmənistanın Parlamentinin vitse-spikeri ölkəsinin qanunvericilik orqanı barədə ətraflı məlumat verib və bildirib ki, Məclis 5 il müddətinə seçilir, burada 125 deputat təmsil olunur, hazırda V çağırış parlament üç ildir fəaliyyət göstərir. Qonaq ölkəsi üçün önəmli olan Türkmənistanın neytrallığının 20 illiyinə həsr olunmuş tədbirlər barədə də danışıb.

V.Ələsgərov söyləyib ki, hələ ulu öndər Heydər Əliyevin rəhbərliyi zamanında ölkəmizdə torpaq islahatlarına başlanılıb. Bu yaxınlarda “Kooperasiya haqqında” qanun qəbul edilib. Ölkəmizdə fermer təsərrüfatları ilə yanaşı, böyük aqroholdinqlər yaradılır.

Parlament sədrinin müavini iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi, Hökumətlərarası Komissiyanın daha aktiv fəaliyyət göstərməsinin vacibliyini qeyd edib. O, ölkəmizin həyata keçirdiyi enerji layihələri, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərləri, TANAP qaz layihəsi, Bakı-Tbilisi-Qars dəmiryolu xətti barədə söhbət açdı və bu istiqamətdə əməkdaşlığın əhəmiyyətindən danışıb.

Valeh Ələsgərov Dağlıq Qarabağ münaqişəsi və onun həlli ilə bağlı görülən işlər barədə məlumat verib, bu ilin aprel ayında təmas xəttində düşmənin təxribat törətdiyini və ordumuz tərəfindən bu hücumların qarşısının layiqincə alındığını diqqətə çatdırıb. O, ölkəmizin problemin sülh yolu ilə, BMT-nin qətnamələri əsasında həllinə tərəfdar olduğunu vurğulayıb və bu məsələdə Türkmənistanın dəstəyinə inamını ifadə edib.

Həmin gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvləri Türkmənistan nümayəndə heyəti ilə görüşüblər.

Komitənin sədri Aqiyə Naxçıvanlı bildirib ki, onun rəhbərlik etdiyi komitə parlamentdə yeni yaradılan 4 komitədən biridir. Komitənin əsas fəaliyyət istiqaməti ailə, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində qanunvericilik bazasının formalaşdırılması və təkmilləşdirilməsidir. Bu sahəyə dövlət tərəfindən də hər zaman böyük diqqət və qayğı göstərilib. Parlamentdə məişət zorakılığına qarşı, erkən nikahlarla bağlı məsələlərin həlli üçün qanunlar təkmilləşdirilir, maarifləndirici proqramlar həyata keçirilir. Diqqətə çatdırıldı ki, ölkəmizdə gender bərabərliyi mövcuddur və qadınlarımız müxtəlif dövlət orqanlarında, təsərrüfat sahələrində fəal təmsil olunurlar.

Türkmənistan Məclisi sədrinin müavini Qurbangül Bayramova ölkə parlamentində qadınların geniş təmsil olunduğunu söyləyib, Türkmənistanda ailələrin böyük tərkibdə olduğunu, onların sosial müdafiəsi istiqamətində dövlət tərəfindən qayğı göstərildiyini deyib.

Görüşdə deputatlar Sahibə Qafarova, Sədaqət Vəliyeva, Dilarə Cəbrayılova, Ağacan Abıyev, Astan Şahverdiyev, Tahir Rzayev iştirak ediblər.

Sonra parlamentin Aqrar siyasət komitəsi üzvlərinin Türkmənistan nümayəndə heyəti ilə görüşü olub.

Komitə sədri Eldar İbrahimov Milli Məclisin strukturu, tərkibi, fəaliyyəti, habelə qanunların hazırlanması və qəbulu barədə qonaqlara ətraflı məlumat verib və diqqətə çatdırıb ki, dünyanın müxtəlif ölkələri, o cümlədən Türkmənistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. 

Eldar İbrahimov ölkəmizdə aqrar sahədə həyata keçirilən islahatlar barədə söhbət açıb. Bu istiqamətdə ulu öndər Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayıb. Bildirilib ki, aqrar sahəyə aid 50-dən çox qanun qəbul olunub. Bununla bağlı müxtəlif ölkələrin təcrübəsi öyrənilib. Bu yaxınlarda “Kooperasiya haqqında” qanun qəbul olunub və bununla əlaqədar komitə üzvləri Almaniyaya səfər etmiş, bu ölkənin təcrübəsi ilə maraqlanmışlar. Sonra qonaqlara kənd təsərrüfatının müxtəlif sahələrinə aid statistik məlumatlar verilib.

Türkmənistan Məclisi sədrinin müavini Qurbangül Bayramova deyib ki, Azərbaycanın aqrar sahədəki təcrübəsi Türkmənistan üçün çox maraqlıdır. Qonaq söylədi ki, ölkəsində kənd təsərrüfatının əsas istiqamətləri pambıqçılıq və toxumçuluqdur. Bununla belə, meyvə istehsalı, heyvandarlıq və digər sahələr də sürətlə inkişaf edir.

Söhbətdə tərəflər parlamentlərarası əlaqələrin inkişafı, qarşılıqlı səfərlərin intensivləşdirilməsi, qanunvericilik sahəsində təcrübə və informasiya mübadiləsi ilə bağlı fikirlərini bölüşüblər.

Görüşdə komitə üzvləri Eldar Quliyev, Mahir Aslanov, Novruzəli Aslanov, Hüseynbala Mirələmov iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi