Türkiyə Azərbaycanın Qarabağ bölgəsində qondarma rejimin keçirdiyi “prezident seçkilərini” tanımır.
"Report"un məlumatına görə, bu, Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında əksini tapıb.
“Türkiyə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün pozulmasını ifadə edən bu qanunsuz seçkiləri tanımır. BMT-ni və beynəlxalq ictimaiyyəti bu seçkiləri tanımamağa çağırırıq”, - bəyanatda bildirilib.
Qeyd olunub ki, qondarma “seçkilər” beynəlxalq hüququn, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və ATƏT-in prinsiplərinin pozulmasıdır.
“Azərbaycan və Ermənistanın sülh danışıqlarını davam etdirməyə çalışdığı bir vaxtda keçirilən bu “seçkiləri” pisləyir və onu danışıqları sarsıtmağa yönəlmiş addım kimi qiymətləndiririk”, - bəyanatda deyilir.
“Türkiyə Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesini dəstəkləyir və yaxın gələcəkdə uzunmüddətli sülh sazişinin imzalanmasının regionda sülh və sabitliyə mühüm töhfə verəcəyinə inanmaqda davam edir”, - Türkiyə XİN-dən bildiriblər.