Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin ədliyyə nazirlərinin birinci iclası keçiriləcək.
Bu barədə "Report"un yerli bürosuna Türkiyənin ədliyyə nazirin müavini Yakup Moğul bildirib.
Onun sözlərinə görə, Türkiyə Azərbaycanla başqa sahələrdə olduğu kimi, hüquqi sahədə də heç bir problem yaşamayıb: "İki ölkə arasında qarşılıqlı əməkdaşlığa dair razılaşmalar mövcuddur. Türkiyənin Azərbaycanla hüquqi sahədə tərəfdaşlığı məhz bu razılaşmalara və müvafiq müqavilələrə əsaslanır".
Nazir müavini Türkiyənin TDT-yə sədrlik etdiyi dönəmdə həm Azərbaycanla, həm də digər türk dövlətləri ilə ədliyyə sahəsindəki planlarını açıqlayıb: "Hazırda quruma üzv dövlətlərin ədliyyə nazirlərinin birinci iclasını keçirməyi planlaşdırırıq. Həmin toplantıda ölkələrimiz arasında ədliyyə və hüquqi bazanın təşkili daha da geniş sferanı əhatə edəcək. Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ azərbaycanlı həmkarı Fikrət Məmmədovla qısa müddətdə görüşmək niyyətindədir".