Son illər Azərbaycan ilə Serbiya arasında ikitərəfli əlaqələr əhəmiyyətli dərəcədə yaxşılaşıb və tərəfdaşlığın yeni səviyyəsinə yüksəlib. İki ölkə qarşılıqlı faydalı əməkdaşlığa töhfə verən iqtisadi və siyasi əlaqələrin gücləndirilməsi istiqamətində fəal işləyir.
Belqrad və Bakı bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində irəli sürdüyü təşəbbüsləri nəzərə alır. Ölkələr həm də bərpa olunan enerji mənbələri (BOEM) sahəsində birgə layihələrdə iştirak edirlər.
Serbiya enerji təhlükəsizliyinin təmin edilməsində və enerji təchizatı mənbələrinin şaxələndirilməsində maraqlıdır, Azərbaycan isə, öz növbəsində, mühüm neft və qaz ehtiyatlarına malik olmaqla qlobal enerji bazarında əsas oyunçulardandır.
Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladislavlyeviç “Report”a müsahibəsində ikitərəfli əməkdaşlığın gələcək inkişaf perspektivlərindən danışıb.
- Azərbaycanla Serbiya arasındakı ikitərəfli münasibətlərin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?
- 2013-cü ildə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş Azərbaycan-Serbiya münasibətləri davamlı inkişafa meylli, qarşılıqlı hörmətə, anlaşmaya və dəstəyə əsaslanan sabit, dostluq əlaqələri ilə səciyyələnir.
Bu əlaqələr daha çox siyasi müstəvidə nəzərə çarpır, çünki ölkələrimiz eyni xarici siyasət prinsiplərinə riayət edirlər.
Ərazicə kiçik ölkələr olan Serbiya və Azərbaycan ərazi bütövlüyünü və suverenliyini qorumaq, eləcə də bütün mövcud potensialları reallaşdırmaq kimi həyati vacib milli maraqlara əsaslanan müstəqil xarici siyasət yürüdürlər.
Burada Azərbaycanın Serbiyanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməsinin, eləcə də qondarma Kosovo dövlətinin tanınmaması ilə bağlı qəti mövqeyinin əhəmiyyətini vurğulamalıyam. Kosovo və Metohiyada suverenliyimizi və ərazi bütövlüyümüzü qorumaq, eləcə də regionda yaşayan serblərin təhlükəsizliyi üçün barışmaz mübarizə bizim ən mühüm milli maraqlarımız, xarici siyasətimizin bir nömrəli prioriteti və eyni zamanda ən ciddi problemlərdəndir.
Azərbaycan kimi Serbiya da təkcə BMT Nizamnaməsində deyil, həm də dinc birgəyaşayış, xalqların suveren bərabərliyi və münaqişələrin qeyri-hərbi üsullarla həll prinsiplərinə əsaslanan Qoşulmama Hərəkatının təsis sənədlərində təsbit olunmuş beynəlxalq hüquq prinsiplərini yüksək qiymətləndirir. Praktikada xarici siyasətdə belə prinsiplər həm Şərqlə, həm də Qərblə yaxşı münasibətlər saxlamaq deməkdir. Konkret olsaq, söhbət Avropa İttifaqı (Aİ) ilə yaxşı münasibətləri saxlamaqdan və Serbiyanın durumunda tamhüquqlu üzvlüyə can atmaqdan, dünyanın ən nüfuzlu güclərindən biri kimi ABŞ ilə yaxşı münasibətlər qurmaqdan, eləcə də Çin Xalq Respublikası ilə tərəfdaşlıq münasibətlərini saxlamaqdan gedir. Biz dost ölkələr və xalqlar hesab etdiyimiz Rusiya və Ukraynaya qarşı da eyni mövqedən çıxış edirik.
Bununla yanaşı, ölkələrimiz hərbi neytrallığa riayət edir, hər hansı beynəlxalq hərbi təşkilat və ya ittifaqa qoşulmurlar.
Bundan əlavə, həm Serbiya, həm də Azərbaycan regional əməkdaşlığın və mehriban qonşuluq münasibətlərinin inkişafına, eləcə də münasibətlərin qurulması üçün əsas kimi sülhün və əməkdaşlığın qorunmasına sadiq qalırlar. Sıx siyasi əlaqələrlə yanaşı, əməkdaşlığımız müdafiə, enerji, sosial məsələlər, mədəniyyət kimi bir çox digər sahələrdə də inkişaf edir.
- Azərbaycan və Serbiya arasında iqtisadiyyat və investisiya sahəsində əməkdaşlığın dərinləşdirilməsi barədə nə düşünürsünüz? Sizcə, ölkələrimiz əməkdaşlığı hansı sahələrdə genişləndirməlidir?
- Güclü siyasi əlaqələrimiz inkişaf etmiş və səmərəli iqtisadi əməkdaşlıq üçün möhkəm zəmin yaratsa da, biz tam qane ola bilmərik. Ona görə də hər iki tərəf iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığa başlamağa və ya mövcud əlaqələri inkişaf etdirməyə çalışır.
Əminəm ki, Ticari-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyamızın iyul ayında Bakıda keçiriləcək iclası nəticəyönümlü olacaq və bizi hədəfimizə daha da yaxınlaşdıracaq.
Orada əməkdaşlığın ən perspektivli sahələri - enerji, nəqliyyat, tikinti, ticarət və müdafiə sahələri nəzərdən keçiriləcək. Prioritetlərdən biri, əlbəttə ki, paytaxtlarımız arasında birbaşa aviareyslərin tətbiqi olacaq, çünki bu, qarşılıqlı fəaliyyətin bütün digər sahələrinə çox lazım olan təkanı verəcək.
İnvestisiyalara gəlincə, o, praktiki olaraq yoxdur. Azərbaycan Ələt azad iqtisadi zonasının potensialı və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələr çərçivəsində investisiya imkanları təklif edib, Serbiya tərəfi isə iqtisadiyyatımızın müxtəlif sahələrinə, ilk növbədə kənd təsərrüfatı, tikinti, müasir texnologiyalar və təbii ki, müdafiə sənayesinə investisiya qoymaq imkanını təklif edir. Bununla əlaqədar xatırlatmaq istərdim ki, Azərbaycanın “AzVirt” tikinti şirkəti Serbiyada hökumətimiz tərəfindən maliyyələşdirilən, ümumi dəyəri 1 milyard ABŞ dollarına qədər olan yol infrastrukturu layihələrində iştirak edir.
Digər tərəfdən, Serbiya şirkətlərinin işğaldan azad edilmiş Azərbaycan torpaqlarının yenidən qurulması və dirçəlişində iştirak etmək üçün böyük marağı və lazımi potensialı var. Səfirliyimiz və Serbiyanın bir çox rəsmiləri, o cümlədən Prezident Aleksandr Vuçiç bu barədə Azərbaycan tərəfini məlumatlandırıb. Bu, təkcə tikinti şirkətlərinə yox, həm də kənd təsərrüfatı və smart texnologiyalarla məşğul olanlara aiddir.
Ancaq qorxuram ki, bizdə planlaşdırılan layihələr və onların icrası prosesi haqqında dəqiq məlumat yoxdur, ona görə də hələ heç bir Serbiya şirkətinin Azərbaycan bazarına daxil olmaq imkanı yoxdur. Bununla belə, Serbiya səfirliyi Serbiya şirkətlərinin bu prosesə cəlb edilməsi imkanlarını təmin etmək üçün Azərbaycanın səlahiyyətli qurumları ilə əlaqələrini davam etdirir.
Əməkdaşlığın digər mühüm istiqaməti ölkələrimiz tərəfindən müxtəlif beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlıdır. Azərbaycan özünü əla təşkilatçı kimi təsdiq edib və bu, ölkəni beynəlxalq aləmdə mühüm oyunçuya çevirməklə yanaşı, həm də onun daxili inkişafına güclü təkan verir. Ən əlamətdar nümunə, təbii ki, həm Azərbaycan paytaxtında, həm də onun cəmiyyətində dəyişikliklər üçün bariz katalizator olan qarşıdan gələn COP29 konfransıdır. Bu qlobal tədbirə dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət başçıları, o cümlədən Serbiya Prezidenti Vuçiç gələcək.
Serbiya həmçinin “EXPO 2027” sərgisinə ev sahibliyi etməyə hazırlaşır və bu məqsədlə ölkənin ümumi inkişafının əsas seqmentlərinə, o cümlədən yaşayış səviyyəsinin yaxşılaşdırılmasına, informasiya texnologiyalarının, süni intellektin və biotexnologiyanın modernləşdirilməsinin sürətləndirilməsinə, nəqliyyat, təhsil və tibb infrastrukturunun təkmilləşdirilməsinə, sənayeləşmənin sürətləndirilməsinə və ölkənin yerli və regional səviyyədə kompleks inkişafına yönəlmiş “Gələcəyə sıçrayış” adlanan yeni investisiya dövrünə start verib. Bu iddialı plan xarici tərəfdaşlar, xüsusən də Azərbaycan kimi dost ölkələrdən olan tərəfdaşları cəlb etmək üçün imkanlar açır.
- Azərbaycan və Serbiya arasında müdafiə sahəsində ikitərəfli əməkdaşlıq haqqında saziş imzalanıb. Bizə əməkdaşlıq haqqında məlumat verə bilərsinizmi? İki tərəf arasında texnologiya və silah növlərinin mübadiləsi planlaşdırılırmı? İmzalanmış saziş müdafiə qurumları arasında gələcək yaxınlaşma üçün hansı perspektivləri açır?
- Artıq qeyd etdiyim kimi, Serbiya heç bir beynəlxalq hərbi təşkilatın və ya ittifaqın bir hissəsi olmaq istəməyərək, hərbi neytrallıq siyasətinə sadiq qalır.
Bununla belə, Serbiya acı ilə münaqişələrin mövcudluğunu və qlobal səviyyədə təhlükəsizlik problemlərinin olduğunu, buna görə də, ilk növbədə, istənilən bədxahların qarşısını almaq üçün güclü, yaxşı təlim keçmiş orduya ehtiyac olduğunu anlayır. Əminəm ki, Azərbaycan bu mövqeyi hamıdan yaxşı başa düşür. Məhz buna görə də hər iki ölkə müdafiə sənayesinə sərmayə qoymağa və bu sahədə əməkdaşlığı genişləndirməyə davam edir.
Bu əməkdaşlıq sahəsi uzun illərdir fəal şəkildə inkişaf etsə də, məhz liderlərimiz arasında görüşlər müdafiə sahəsində tərəfdaşlığımızın genişləndirilməsinə, xüsusilə də silahlı qüvvələrimizin təchizatı və modernləşdirilməsinə ümumi ehtiyac fonunda, diqqət ayrılmasına gətirib çıxardı. Ölkələrimiz müdafiə sənayesi sahəsində ticarətin intensivləşdirilməsi, birgə istehsala sərmayə yatırılması, həmçinin üçüncü ölkələrin bazarlarında təmsil olunması, texnologiya mübadiləsi və hərbi-texniki əməkdaşlığın digər aspektləri barədə razılığa gəliblər.
- Serbiya-Bolqarıstan interkonnektorunun açılması ilə Belqrad qaz təchizatı mənbələrini şaxələndirmək imkanı əldə edib. Bu, Serbiyanın enerji təhlükəsizliyinə necə töhfə verəcək? Xəzər qazının Serbiyanın enerji bazarında payı nə qədərdir? O, iqtisadiyyatın hansı sahələrini – yalnız ev təsərrüfatlarını, yoxsa həm də kommersiya sektorunu əhatə edir?
- SOCAR və “Srbijagas” arasında mövcud qaz alqı-satqısı müqaviləsi Serbiyaya ildə 400 milyon kubmetr Azərbaycan qazının idxalını nəzərdə tutur və bu həcmi gələcəkdə ildə 1 milyarda çatdırmaq imkanı var ki, bu da Serbiyanın ümumi istehlakının üçdə birini təşkil edir. İndiki şəraitdə, Prezident Əliyevin müdrikcəsinə dediyi kimi, Azərbaycanın enerji ehtiyatları enerji təchizatının şaxələndirilməsi üçün daha qiymətli vasitədir.
Amma bu sahədə mövcud qanunvericilik bazamız enerji tərəfdaşlığının digər formalarını, məsələn, LNG sahəsində əməkdaşlıq perspektivlərinin araşdırılmasını, SOCAR-ın Serbiyada qaz elektrik stansiyasının tikintisində iştirakını, eləcə də Serbiyada yeni qaz anbarı infrastrukturunun tikintisinə Azərbaycan investisiyasının cəlb edilməsi imkanlarını nəzərdə tutur.
Bundan əlavə, ölkəmiz Azərbaycanın Gürcüstan, Rumıniya və Macarıstanla birgə təşəbbüsü ilə həyata keçirilən “yaşıl dəhliz” layihəsi çərçivəsində birgə əməkdaşlıq imkanlarını nəzərdən keçirir.
- Ölkələrimiz arasındakı mədəniyyət və təhsil əlaqələrini necə qiymətləndirərdiniz?
- Mədəniyyət və təhsil Serbiya və Azərbaycan cəmiyyətləri və onların mədəni-tarixi keçmişi arasında oxşarlıqların müşahidə oluna biləcəyi sahələrdir. İlk növbədə, həm cəmiyyətlərimiz, həm də ölkələrimiz ənənəvi ailə dəyərlərini, eləcə də tolerantlığı, multikulturalizmi, ölkələrimizdə yaşayan bütün milli, dini və digər icmaların dinc yanaşı yaşamasını təşviq edir. Bu əsasda mədəni-maarif əlaqələrini inkişaf etdirmək asandır.
Xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmaq, mədəni-tarixi irsimizi təqdim etmək məqsədi daşıyan çoxsaylı mədəni tədbirlərlə yanaşı, onların genişlənməsi və insanların birləşməsi istiqamətində atılan ən mühüm addımlardan biri, əlbəttə ki, Azərbaycanın Şuşa şəhəri ilə Serbiyanın Novi Pazar şəhərinin qardaşlaşmasıdır. Daha iki Serbiya şəhəri ilə də analoji əlaqələrin qurulması planlaşdırılır.
Bundan əlavə, yeni hökumətimizin formalaşması və həm də hökumətlərarası komissiyamızın həmsədri olan yeni mədəniyyət nazirinin təyin olunması ilə bu əlaqələrin daha da genişlənəcəyini gözləyirik.
Təhsil sahəsində əməkdaşlığımıza gəlincə, iki dil mərkəzimizi - Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən Serb Dili və Mədəniyyəti Mərkəzini və Belqrad Universitetinin Filologiya fakültəsində fəaliyyət göstərən Azərbaycan Dili Mərkəzini fəxrlə qeyd edə bilərəm.
Bundan əlavə, hər il “Serbiyada sülh” təqaüd proqramı çərçivəsində Serbiya ölkəmizdə magistratura və ya aspirantura səviyyəsində təhsil almaq istəyən azərbaycanlı tələbələr üçün bir neçə təqaüd ayırır.