Qırğızıstan və Azərbaycan arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir.
"Report"un Qərb bürosunun məlumatına görə, bu barədə Qırğızıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev Gəncə şəhərinə səfəri zamanı bildirib.
Səfər çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov rəsmi qonağa şəhər, onun tarixi və bu günü, mədəniyyəti və iqtisadiyyatı barədə ətraflı məlumat verib.
Gəncədə olmaqdan məmnunluq ifadə edən K.Osmonaliyev səfərinin məqsədi barədə şəhər rəhbərinə məlumat verərək, Qırğızıstan və Azərbaycan dövlətləri arasında olan münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini bildirib. Səfir Qırğızıstanın Oş şəhəri ilə Gəncə arasında elm, təhsil, mədəniyyət və digər sahələrdə əlaqlələrin qurulmasında və iki şəhər arasında qardaşlıq protokolunun imzalanmasında maraqlı olduqlarını dilə gətirib.
Səfir Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan ərazini ziyarət edib, burada olan xatirə lövhəsinin önünə tər çiçəklər düzüb. Qonağa 44 günlük Vətən Müharibəsi zamanı Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən dəfələrlə raket atəşinə tutulması, nəticədə 26 mülki şəxsin şəhid olması, 142 dinc sakinin isə yaralanması barədə məlumat verilib.