Türkiyə azərbaycanlı ekofəalların Laçın yolundakı aksiyalarını dəstəkləyir.
"Report " xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasında jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib.
Deputat söyləyib ki, İkinci Qarabağ müharibəsindən sonra Türkiyə - Azərbaycan əlaqələri yeni müstəviyə qədəm qoydu:
"Əlaqələrimiz bundan sonra da inkişaf edəcək".
"Biz həmişə olduğu kimi indi də Azərbaycanın yanındayıq. Bilirik ki, bu aksiyalar haqlıdır. Azərbaycan Xankəndi, Xocalıda da tam suverenliyini bərpa edəcək. Biz buna inanırıq", - o, vurğulayıb.
Parlamentari, həmçinin media nümayəndələrinə də təşəkkür edib:
"Azərbaycan və Türkiyədən olan jurnalistlər İkinci Qarabağ müharibəsi dövründə haqlı səsimizin dünyaya çatdırılmasında mühüm rol oynadılar. Onlar Azərbaycana olan raket hücumları barədə beynəlxalq ictimaiyyətə operativ məlumat verdilər".