Rusiya Federasiyası Baş Prokurorluğunun nümayəndə heyəti Azərbaycana işgüzar səfərdə olub.
"Report" Azərbaycanın Baş Prokurorluğuna istinadən verdiyi xəbərə əsasən, səfər Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov arasında 12 yanvar 2021-ci il tarixdə Moskva şəhərində imzalanmış “2021-2023-cü illər üçün Əməkdaşlıq Proqramı”ndan irəli gələn müddəaların icrası məqsədilə baş tutub.
Əməkdaşlıq Proqramı çərçivəsində cinayət işləri üzrə ekstradisiya və hüquqi yardımın göstərilməsi, o cümlədən cinayət yolu ilə əldə edilmiş əmlakın axtarışı, müsadirəsi və xaricdən qaytarılmasının təşkili sahəsində beynəlxalq hüquqi əməkdaşlıq, məişət zorakılığı ilə mübarizə, yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi, azyaşlılara qarşı törədilən cinayətlərlə mübarizə tədbirləri və ekoloji cinayətlərə dair işlərdə dövlət ittihamının müdafiəsinin xüsusiyyətləri adlı mövzulara həsr olunmuş seminarlar keçirilərək faydalı təcrübə mübadiləsi aparılıb.