“Azərbaycanda yaşayan Türkiyə vətəndaşları mayın 5, 6 və 7-də burada yerləşən konsulluqlarımızda (Bakı, Gəncə və Naxçıvan) səs verə bilərlər”.
"Report" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Türkiyədə keçiriləcək növbəti prezident seçkiləri ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
Səfir bildirib ki, Azərbaycanda yaşayan seçicilər qeydiyyatını yeniləmək istəyən vətəndaşlar martin 20-dən aprelin 2-dək Bakı, Gəncə və Naxçıvan konsulluqlarına müraciət etməlidirlər:
“Bu səbəbdən konsulluqlarımız aprelin 1-i və 2-si, yəni bu şənbə və bazar günləri açıq olacaq. Vətəndaşlarımız “E-dövlət” və “YSK Çağrı Mərkəzi”ndə öz adlarını seçici siyahılarından yoxlasınlar. Əgər Azərbaycanda yaşayan vətəndaşlarımızın ünvanları Türkiyədə görünürsə, konsulluqlarımıza gəlməyi, ünvanlarını yeniləməyi xahiş edirik”.
Səfir Şəmkir, Şəki, Bərdə, Ağcabədi, Zaqatala, Yevlah, Ağdaş, Tovuz, Mingəçevir, Gədəbəy, Balakən, Qazax, Göygöl, Oğuz, Daşkəsən, Naftalan və bütün Qarabağ bölgəsində yaşayan Türkiyə vətəndaşlarının Gəncə Konsulluğuna müraciət etmələrinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Quba, İsmayıllı, Sabirabad, Hacıqabul, Lənkəran, Astara, Sumqayıt, Masallı, Biləsuvar, Neftçala və Kürdəmir rayonlarında yaşayan vətəndaşlar aprelin 2-dək Bakıdakı konsulluğa müraciət etməlidirlər:
“Bəzi şirkətlərimizdə çalışan vətəndaşlarımızın icazədən istifadə edərək ailələrini görmək və seçkilərdə səs vermək üçün Türkiyəyə getmək istədiklərini öyrəndik. Onların qeydiyyat ünvanları Türkiyədədirsə, heç bir dəyişiklik etmədən Türkiyəyə gedib səslərini verə bilərlər. Yaşayış yeri burada olan Türkiyə vətəndaşlar isə səsvermə dövrü başlayanda hava limanlarında da səs verə bilərlər” - diplomat bildirib.
Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri mayın 14-də keçiriləcək.