"Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur".
"Report" xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin Roma Papası Fransisk Həzrətlərinə ünvanladığı məktubda yer alıb.
"Biz sivilizasiyalararası və dinlərarası dialoqun, multikulturalizm dəyərlərinin qorunub saxlanması və daim inkişaf etdirilməsi yolunda uzun illərdən bəri davam edən fəal və səmərəli əməkdaşlığımıza xüsusi əhəmiyyət veririk. Ölkəmizin Müqəddəs Taxt-Tacda səfirliyinin təsis edilməsi münasibətlərimizin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinin göstəricisi və Azərbaycan-Müqəddəs Taxt-Tac əlaqələrinin inkişafına verdiyimiz önəmin bariz təzahürüdür.
Multikulturalizm və tolerantlıq xalqımızın həyat və yaşam tərzini özündə əks etdirən mühüm dəyərlər olmaqla yanaşı Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindəndir. Əsrlər boyu müxtəlif din və etiqadlara mənsub insanların mehribanlıq və qarşılıqlı hörmət şəraitində yaşadığı ölkəmizdə məscidlərin, sinaqoqların və kilsələrin yanaşı fəaliyyət göstərməsi bizim böyük tarixi nailiyyətimizdir. Azərbaycandakı katolik dini icmasının daim böyük diqqət və qayğı ilə əhatə olunması bunun əyani göstəricisidir", - məktubda vurğulanıb.