Politoloq: “Tehrandakı səfirliyimizə hücum BMT-nin müzakirəsinə çıxarılmalıdır”

Politoloq: “Tehrandakı səfirliyimizə hücum BMT-nin müzakirəsinə çıxarılmalıdır” İranın Azərbaycan Respublikasının ərazi bütövlüyünə, suverenliyinə, təhlükəsizliyinə real təhdid yaratması və Tehrandakı səfirliyimizə hücum BMT-nin müzakirəsinə çıxarılmalıdır.
Xarici siyasət
27 Yanvar , 2023 11:43
Politoloq: “Tehrandakı səfirliyimizə hücum BMT-nin müzakirəsinə çıxarılmalıdır”

İranın Azərbaycan Respublikasının ərazi bütövlüyünə, suverenliyinə, təhlükəsizliyinə real təhdid yaratması və Tehrandakı səfirliyimizə hücum BMT-nin müzakirəsinə çıxarılmalıdır.

Bu fikirləri “Report”a açıqlamasında siyasi analitik Elçin Mirzəbəyli deyib.

“Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə hücum molla rejiminin uzun illərdən bəri xalqımıza, dövlətçiliyimizə qarşı apardığı ideoloji, mənəvi, informatik və silahlı terror siyasətinin ən iyrənc nümunəsidir. Bu amil molla rejiminin tamamilə azğınlaşdığını, özünün tez-tez müraciət etdiyi, diplomatik və siyasi sərhədlərini, bütün “qırmızı xətt”ləri keçdiyini, regional və beynəlxalq münasibətlər sisteminə, sivil, demokratik və dünyəvi dövlətçiliyə, bəşəri dəyərlərə, insanlığa, fərdlərin və xalqların azad, suveren yaşamaq haqlarına qənim kəsildiyini bir daha təsdiqləyir”, - politoloq bildirib.

O vurğulayıb ki, “İran” adlanan xalqlar həbsxanasında hakimiyyəti mənimsədiyi vaxtdan, təxminən 9 ay sonra ABŞ-ın Tehrandakı səfirliyinə hücum edərək terror aksiyası törədən molla rejiminin həmin dövrdəki əməli terrorçu Tehran rejiminin sivil dünyaya meydan oxuduğu zaman kəsiyinin başlanğıcı olduğu kimi Azərbaycan səfirliyinə amansız hücum da qatil, terrorçu rejimin sonu olacaq:

“Baş verən bu xain terror aksiyası molla rejiminin hansı səbəblərdən Ermənistana hərtərəfli dəstək verdiyini, Azərbaycan xalqına və onun dövlətçiliyinə qənim kəsildiyini sübuta yetirir. Terrorçu dövlətlərin sivil, mədəni, tolerant xalqlara və dövlətlərə qarşı birgə fəaliyyət göstərməsindən təbii heç nə ola bilməz. Baş verənlərin məsuliyyəti, həm də İranın regionda nümayiş etdirdiyi siyasətə seyrçi qalan, dolayısıyla molla rejiminin anti-Azərbaycan siyasətinə dəstək verən, Tehran rejiminin ölkə sərhədlərindən kənarda dəstəklədiyi qüvvələrlə ittifaq quran Fransa kimi ölkələrin və onların məsuliyyət hissini tamamilə itirmiş liderlərinin üzərinə düşür. Azərbaycan səfirliyinə hücum, həyata keçirilən terror aksiyası, Azərbaycan dövlətinə, Azərbaycan Respublikasında, Güney Azərbaycanda və dünyanın müxtəlif ölkələrində, öz tarixi vətənlərində yaşayan 60 milyonluq Azərbaycan xalqına, bütün türk və müsəlman dünyasına, sivil bəşəriyyətə hücumdur və bu amansız cinayətin cavabı cinayətkar, terrorçu, qadın düşməni, xaon molla rejiminin dünyanın siyasi səhnəsindən silinməsi ilə verilməlidir”.

Politoloq bildirib ki, ən qısa zamanda İranın Azərbaycan Respublikasının ərazi bütövlüyünə, suverenliyinə, təhlükəsizliyinə real təhdid yaratması və baş verən hadisə BMT-nin müzakirəsinə çıxarılmalıdır:

“Azərbaycan Respublikası ona BMT Nizamnaməsi ilə verilən kollektiv müdafiə hüququndan istifadə edərək, Türkiyəyə və digər müttəfiqlərinə müraciət edərək, molla rejiminin təhdidlərinə qarşı səfərbər olmalıdır.

Azərbaycan səfirliyinə hücum və gerçəkləşdirilən xain terror aksiyası “İran” adlanan ölkədə, öz tarixi vətənlərində yaşayan Azərbaycan türkləri və bu ölkədə molla rejiminin girovuna çevrilmiş bütün xalqlar tərəfindən qətiyyətlə pislənilməli və qaniçən, terrorçu rejimə qarşı mübarizənin təkcə onların deyil, həm də bütün sivil bəşəriyyətin təhlükəsizliyinə xidmət etməsi təkzibolunmaz gerçəklik kimi qəbul olunmalıdır. Rədd olsun qaniçən, terrorçu molla rejimi!”

Son xəbərlər

Orphus sistemi