“Azərbaycanın şoxşaxəli diplomatiyası, Prezident İlham Əliyevin mükəmməl rəhbərliyi sayəsində bir sıra müsbət layihə və təşəbbüslərin həyata keçirilməsi mümkün oldu”.
Bunu “Report”a amerikalı politoloq, beynəlxalq münasibətlər eksperti Piter Teys bildirib.
O, Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatı üzv ölkələri adından irəli sürdüyü təşəbbüs əsasında BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizə məsələsinə dair xüsusi sessiya keçirilməsini şərh edib.
BMT, Qoşulmama Hərəkatı kimi böyük beynəlxalq təşkilatlarda Azərbaycanın fəal iştirak etdiyini qeyd edən ekspertin fikrincə, BMT Baş Assambleyasının xüsusi sessiyası da bu ilin ən böyük problemi olan koronavirus pandemiyasına qarşı mübarizə baxımdan mühüm töhfə olacaq.
“Son iki ildə Azərbaycanda həyata keçirilən bir çox iqtisadi və mədəni layihələr əhalinin həyat səviyyəsini yüksəldərək ölkə iqtisadiyyatını gücləndirib. Azərbaycan otuz ilə yaxın müddət ərzində hərbi münaqişə nəticəsində ərazisinin bir hissəsi Ermənistanın faşist silahlı qüvvələri və terrorçu siyasi rəhbərliyi tərəfindən işğal altında olmasına rəğmən, eyni zamanda, bərpa olunan enerji mənbələri, nəqliyyat, boru kəmərləri inşası, turizm kimi sahələrdə qabaqcıl strateji layihələr həyata keçirən yeganə ölkədir. Həmçinin iqtisadi diplomatiyaya, aqrar texnologiyalarına da böyük vəsaitlər qoyulub”, – politoloq bildirib.
Ekspert ötən müddət ərzində Azərbaycanın bir çox ölkələrlə, o cümlədən Argentina, Uruqvay, Braziliya, Paraqvay kimi Cənubi Amerika ölkələri ilə əməkdaşlığı genişləndirib: “Son on ildə Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətində islahatlar apardı, ölkəsinin Cənubi Amerikada, həmçinin Asiya və Afrika regionlarında diplomatik mövcudluğunu artırdı”.
P.Teysin sözlərinə görə, Azərbaycan mədəni diplomatiyası, habelə Avropada iqtisadi inteqrasiya istiqamətlərində də mühüm nailiyyətlər qazanıb: “Öz ərazisində dini, mədəni abidələrini qorumağa çalışan Azərbaycan hökuməti Qərbi Avropa, Asiya, Amerika paytaxtlarının bir çoxunda da bu cür abidələrin bərpasına yardım göstərir.
Bütün bunlar sayəsində Azərbaycanın beynəlxalq nüfuzunun daha da artdığı, BMT Baş Assambleyasının xüsusi sessiyasında Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının 120 üzv ölkəsi adından nitq söyləməsinin buna əyani sübutdur".