İstanbulda etno-festivalda Azərbaycan qrupunun at belindəki performansına heyran oldum.
Bunu “Report”un Ankara bürosuna müsahibəsində Paraqvayın Azərbaycandakı qeyri-rezident səfiri Xose Luis Seferino (Jose Luis Ceferino Adrian Valdez Peralta) deyib.
Azərbaycanda keçirilən incəsənət festivalları haqqında məlumatlı olduğunu bildirən səfir keçən il İstanbuldakı etno-yarışlara qatıldığını və orada Azərbaycan qrupunun at üzərində göstərdikləri musiqili performansa heyran olduğunu vurğulayıb: “Heyrətamiz idi. Biz sosial şəbəkələrdə də paylaşımlar etmişdik, ən çox bəyənilən də Azərbaycan sənətçiləri oldu”.
Seferino Valdez Paraqvayda da incəsənətin inkişafından danışaraq deyib ki, iki ölkə arasında mədəniyyət əlaqələrinin inkişafı üçün bütün cəhdlərini əsirgəməyəcək: “Biz bir-birimizi mədəniyyət vasitəsilə daha yaxından tanıya bilərik. Sizin milli mətbəxiniz də gözəldir və bizimkinə bənzərlik var. Bakıda daddığım quzu kababı, Azərbaycan çayı və paxlavası, digər şirniyyatlar ləzzətli idi”.
Səfir Paraqvayda keçirilən “Qardaşlıq” bayramından da bəhs edərək bildirib ki, bu tədbir artıq beynəlxalq status alaraq bəzi ölkələrdə keçirilir: “Biz bu bayramı Azərbaycanda da keçirmək istəyirik”.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.