Comart Otorbayev: Azərbaycan Avropa ilə Asiya arasında əsas tranzit körpüsüdür
- 13 mart, 2026
- 12:58
Azərbaycan siyasi qeyri-sabitlik şəraitində Avropa və Asiyanın nəqliyyat bağlantısının təmin edilməsində mühüm rol oynayır.
"Report"un məlumatına görə, bunu Qırğızıstanın keçmiş baş naziri Comart Otorbayev (2014-2015) XIII Qlobal Bakı Forumunda bildirib.
Onun sözlərinə görə, Orta Dəhliz layihəsinin hərəkətverici qüvvəsi Çin və Avropa arasındakı ticarətdir: "Bu, nəhəng ticarət dövriyyəsidir. Qismən ona görə ki, Qırmızı dəniz ətrafındakı hadisələrlə (Yaxın Şərqdəki eskalasiya – red.) əlaqədar dəmir yolu daşımaları dəniz daşımalarından daha ucuz olub".
C.Otorbayev, həmçinin vurğulayıb ki, ötən il Çin və Avropa arasında dəmir yolu marşrutları üzrə ticarət dövriyyəsi təxminən 70 milyard dollar təşkil edib.
Bununla yanaşı, onun sözlərinə görə, Rusiya və Belarus vasitəsilə Çini və Avropanı birləşdirən şimal dəhlizi tədricən öz mövqelərini itirir, baxmayaraq ki, bazarda trafik üzrə 90 % dominant paya malikdir.
"Buna baxmayaraq, Orta Dəhliz sürətli artım nümayiş etdirir. Ötən ilin birinci yarısında bu marşrut üzrə konteyner trafiki 93 % artıb", - C.Otorbayev artımı Mərkəzi Asiya ölkələrinin əlaqələndirilmiş addımları ilə izah edib.
O bildirib ki, ümumilikdə bu dəhlizin inkişafına artıq təxminən 40 milyard dollar investisiya yatırılıb və investisiyalar artmağa davam edəcək.