"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 06 may, 2026
  • 16:12
PAŞA Bankın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb

"PAŞA Bank" ASC-nin Gürcüstandakı törəməsi ("PAŞA Bank Gürcüstan") bu ilin I rübünü 4,074 milyon lari (2,567 milyon manat) xalis mənfəətlə başa vurub. Halbuki, törəmə bank ötən ilin eyni dövründən 915 min lari (576 min manat) xalis zərərlə çıxmışdı.

"Report" xəbər verir ki, yanvar-mart aylarında "PAŞA Bank Gürcüstan"ın vergiyəqədərki mənfəəti 4,307 milyon lari (2,713 milyon manat, 1 il bundan əvvəl zərər olub), mənfəət vergisi ödəmələri isə 233 min lari (147 min manat, 2,7 dəfə az) təşkil edib.

Bu il aprelin 1-nə "PAŞA Bank Gürcüstan"ın aktivləri 669,046 milyon lari (421,499 milyon manat) olub ki, bu da 1 il əvvələ nisbətən 4,5 % azdır. Bunun 417,279 milyon larisi (262,886 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 7,8 % böyüyüb.

Hesabat dövründə "PAŞA Bank Gürcüstan"ın öhdəlikləri 9 % azalaraq 524,973 milyon lariyə (330,733 milyon manat), o cümlədən depozit portfeli 13,3 % azalaraq 426,731 milyon lariyə (268,841 milyon manat) düşüb, balans kapitalı isə 17 % artaraq 144,074 milyon lariyə (90,767 milyon manat) çatıb.

"PAŞA Bank Gürcüstan" 2013-cü ildən fəaliyyətə başlayıb. Onun nizamnamə kapitalı 136,8 milyon laridir (86,184 milyon manat). Törəmə bankın səhmlərinin 85,1 %-i "PAŞA Bank"a, 14,9 %-i isə Bankın daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.

1 lari = 0,63 manat