"Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal dövründə, habelə ondan sonrakı illərdə Qarabağ və Şərqi Zəngəzur bölgəsindəki ərazilərimizdə çoxsaylı minalar və partlamamış hərbi sursatlar mövcuddur, qarşı tərəf isə hələ də onların xəritə-sxemləri barədə dəqiq məlumatları vermək istəmir".
"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva dekabrın 4-də Bakıda keçirilən “Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi" mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, statistik məlumatlara əsasən, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə nəticələnmiş Vətən müharibəsinin başa çatdığı 2020-ci il noyabrın 10-dan indiyədək mülki şəxslərin üstünlük təşkil etdiyi 65 nəfər mina partlayışı nəticəsində həlak olub, 272 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb: "Ümumilikdə 1991-ci ildən bu günə kimi 357 nəfəri uşaqlar, 38 nəfəri isə qadınlar olmaqla 3416 nəfər minadan zərərçəkən qeydə alınıb".
Ombudsman bildirib ki, çoxsaylı insan itkilərinə, ağır xəsarətlərə və minlərlə insanın əlilliyinə səbəb olan qlobal mina terroru işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı tikinti-quruculuq, bərpa işlərinə, eləcə də ədalətli və davamlı sülhə ciddi maneə yaratmaqda, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz qayıdışı prosesini ləngitməkdə davam edir: "Sonda bir daha Ombudsman təsisatı ilə səmərəli əməkdaşlığa və bugünkü dəyirmi masanın təşkil edilməsində fəal iştirakına görə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinə təşəkkürümü bildirir və tədbirin işinə uğurlar arzulayıram!".