Nyu-Yorkda BMT-nin mənzil-qərargahında Azərbaycanda mina təhlükəsizliyi ilə bağlı tədbir keçirilib

Nyu-Yorkda BMT-nin mənzil-qərargahında Azərbaycanda mina təhlükəsizliyi ilə bağlı tədbir keçirilib ABŞ-nin Nyu-York şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) mənzil-qərargahında Azərbaycanda mina təhlükəsizliyinə dair fəaliyyətlərlə bağlı tədbir keçirilib.
Xarici siyasət
16 İyul , 2024 01:50
Nyu-Yorkda BMT-nin mənzil-qərargahında Azərbaycanda mina təhlükəsizliyi ilə bağlı tədbir keçirilib

ABŞ-nin Nyu-York şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) mənzil-qərargahında Azərbaycanda mina təhlükəsizliyinə dair fəaliyyətlərlə bağlı tədbir keçirilib.

“Report”un ABŞ bürosu xəbər verir ki, BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) Yüksəksəviyyəli Forumu çərçivəsində keçirilən tədbir Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin ev sahibliyi və Laos Xalq Demokratik Respublikası (LXDR) BMT yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutub.

“Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq və heç kəsi geridə qoymamaq üçün Minalar və Partlamamış Hərbi Sursatlarla (PHS) mübarizə” başlıqlı tədbirdə Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Koordinasiya Şurasının və İqtisadiyyat Nazirliyinin rəsmiləri, eləcə də LXDR-in Milli DİM Katibliyinin, LXDR Xarici İşlər Nazirliyi İqtisadi İnkişaf üzrə Dövlət Komitəsinin, BMT-nin İnkişaf Proqramının (UNDP) yüksək səviyyəli rəsmiləri iştirak ediblər.

Tədbirdə çıxış edən Laosun xarici işlər naziri Saleumxay Kommasit çıxışında bildirib ki, ölkəsi və xalqı uzun illərdir ki, minalar və PHS-ın təsirindən əziyyət çəkir. Ölkənin ümumi torpaq sahəsinin 1/3 hissəsi müharibənin mirası olan minalarla zəngindir və bu partlamamış silahlar mülki əhalinin sağlamlığına, həyatı və təhlükəsizliyi üçün ciddi təhlükə yaradır. Nazir qeyd edib ki, Laosda müharibədən sonra 80 milyona yaxın minalar və partlamamış hərbi sursatlar müəyyən olunub. Diplomatın sözlərinə görə, son iki onillikdə kənd təsərrüfatı fəaliyyəti və inkişafı üçün 800 kvadratkilometrdən çox ərazi təmizlənib, 1,9 milyondan çox mina və PHS-lar məhv edilib. Nazir vurğulayıb ki, ölkəsində bu sahədə əldə olunan uğurları Azərbaycanla paylaşmağa hazırdır və bunun üçün addımlar atılır: “Ötən müddət ərzində qazandığımız yaxşı təcrübələrimizi Azərbaycanla bölüşmə, həm də kollektiv fəaliyyətimizi yüksəltmək və Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq Azərbaycanla birlikdə fəaliyyət proqramı üzərində işləyirik”.

Tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyinin İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxışında işğaldan azad olunmuş ərazilərimizə məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı, bu ərazilərimizdə aparılan irimiqyaslı yenidənqurma və bərpa işləri, dağıdılmış yaşayış məntəqələrinin “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarına uyğun olaraq yenidən qurulması barədə qonaqlara ətraflı məlumat verib. S.Məmmədov həmçinin çıxışında işğaldan azad edilmiş ərazilərimizdə minalardan təmizləmə və ətraf mühitə dəymiş ziyanın aradan qaldırılması istiqamətində Azərbaycan tərəfindən görülən işlərə diqqət çəkib: “Ermənistanın məqsədyönlü siyasəti nəticəsində Azərbaycan dünyada minalar və partlamamış hərbi sursatlar ilə ən çox çirklənmiş ölkələr sırasında yer almışdır. İşğaldan azad olmuş ərazilərdə minaların ətraf mühitə təsirinin azaldılması təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması üçün çoxsaylı layihələr həyata keçirilir. Azərbaycan bu məqsədlə qısa müddət ərzində bütün gücünü səfərbər edərək dünyada tətbiq olunan ən müasir və qabaqcıl texnologiyalardan istifadə edir. Minatəmizləmə sahəsində səmərəliliyin artırılması üçün davamlı şəkildə müvafiq işlər görülür və hazırda imkanlarımız əvvəlki illərlə müqayisədə xeyli artmışdır. Ölkə başçısının qərarı ilə 25 il öncə yaradılan Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) ölkə ərazisindəki minaları zərərsizləşdirmək üçün proqrama uyğun bütün lazımi prosedurların həyata keçirilir. 18-ci Dayanıqlı İnkişaf Məqsədi təşəbbüsü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə irəli sürülüb. Prezidentin təşəbbüsü əsasında “Mina təhlükəsi ilə mübarizəyə dair fəaliyyətlər” adlı 18-ci Dayanıqlı İnkişaf Məqsədi 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyin prinsipləri əsasında müvafiq dövlət qurumlarının rəy və təklifləri əsasında hazırlanıb. 18-ci DİM işğaldan azad olunmuş ərazilərimizə təhlükəsiz qayıdış, məskunlaşma, bərpa, rifah və sülh üçün mina təhlükəsi ilə mübarizəyə dair fəaliyyəti özündə ehtiva edir. Xüsusi ilə qeyd etməliyik ki, mina probleminin qlobal təhlükə olması və ictimaiyyətin bu sahədə maarifləndirilməsi kifayət qədər vacib məsələdir.

Nazir müavini qeyd edib ki, Azərbaycan özünün minatəmizləmə probleminin həlli ilə yanaşı, qlobal səviyyədə də humanitar minatəmizləmə prosesinə töhfə verir. Bununla bağlı ölkə başçısı dünyada münaqişələrin və mina fəsadlarının artmasını nəzərə alaraq humanitar minatəmizləmənin BMT-nin qlobal 18-ci DİM-i kimi təsis edilməsi təşəbbüsü ilə çıxış etmiş və Azərbaycan Qoşulmama Hərəkatına sədirliyi ərzində Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması ideyasını da irəli sürmüşdür.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov isə çıxışında postmüharibə dövründə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə ayrılan diqqət və qayğıdan söz açıb, reallaşan layihələrdən danışıb. Ölkədə şəhid ailələrinin və müharibə veteranları üçün qayğı ilə əhatə olunmasının bu gün başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib: “Biz davamlı olaraq zədə və əlilliyə görə birdəfəlik kompensasiyadan istifadə etməyə çalışırıq. İndi bizdə kompensasiya siyasətləri üçün beş fərqli kateqoriyamız var. Aylıq əlillik ödənişləri və əlillərin tibbi izahatını indi biz daha çox diqqət mərkəzində saxlayan yeni müasir qiymətləndirməyə keçirik”.

Tədbirdə BMT-nin İnkişaf Proqramının (UNDP)Avropa və Müstəqil Dövlətlər Birliyi üzrə Regional Bürosunun direktoru İvana Jivkoviç təşkilatın Azərbaycanda minatəmizləmə fəaliyyətlərinə verdiyi dəstəkdən bəhs edib və gələcəkdə reallaşacaq layihələrdən danışıb.

Tədbirdə İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov Mina Təhlükəsizliyinə dair Milli 18-ci DİM məqsədinin dair təqdimat edib, mövzu ətrafında qonaqların suallarını cavablandırıb.

Son xəbərlər

Orphus sistemi