“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi və bu gün müzakirə edilən bir sıra maddələrə dair hər iki tərəfin düşüncələrini ortaq baxışa yaxınlaşdırmaq mümkün olub”.
“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşündən sonra deyib.
Onun sözlərinə görə, danışıqların ayrıca mövzusu sülh müqaviləsidir: “Tərəflər bunun üzərində işləməyə başlayıblar və hazırda o, digər vasitəçilərin də iştirakı ilə fəal şəkildə müzakirə olunur. Ermənistan və Azərbaycan nazirləri Vaşinqtona səfər ediblər, Ermənistan və Azərbaycan liderləri bir həftə əvvəl Brüsseldə olublar. Sülh müqaviləsi üzərində iş, əlbəttə ki, fundamental məsələdir. Amma bizim tərəfdaşlarımız bu gün təsdiqləyiblər ki, delimitasiya məsələləri həll edilmədən, nəqliyyat və kommunikasiya əlaqələri açılmadan sülh müqaviləsinin konkret aspektləri üzrə irəliləmək çətindir”.
S.Lavrov qeyd edib ki, gələn həftə baş nazir müavinlərinin rəhbərliyi altında üçtərəfli qrupun nəqliyyat kommunikasiyalarının açılması məsələlərinə dair görüşü keçirilməlidir: “Ümid edirik ki, yekunda müsbət nəticə əldə olunacaq. Tərəflər artıq yekun razılaşmaya yaxındırlar”.