“Bakı və İrəvana sülh sazişi bağlamağa kömək etmək cəhdləri davam edir, bu, regionda vəziyyəti sabitləşdirmək üçün lazımdır”.
“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
D.Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın “The Wall Street Journal” qəzetindəki bəyanatını şərh edib: “Biz hələ onun nədən danışdığını dəqiq başa düşməliyik, erməni dostlarımızdan məlumat gözləyirik”.
“Biz WSJ-ni ilkin mənbə kimi qəbul etməyə meylli deyilik, təbii ki, Rusiya və Ermənistanın qəzetlər, xüsusən də WSJ vasitəsilə əlaqə saxlaması yaxşı deyil. Buna görə də biz erməni dostlarımızla dialoqu davam etdiririk. Bizim çox geniş gündəliyimiz var”.
Qeyd edək ki, daha əvvəl WSJ-yə müsahibəsində N.Paşinyan bildirib ki, Qarabağda baş verən hadisələr fonunda İrəvan təhlükəsizlik sahəsində münasibətlərin şaxələndirilməsinə ehtiyacı olduğuna qərar verib.