Ukraynada Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə ulu öndərin Kiyevdə adını daşıyan parkdakı abidəsi önündə tədbir keçirilib.
“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova, “SOCAR Energy Ukraine” şirkətinin rəhbərliyi, diaspor rəhbərləri, fəalları, diplomatlar əvvəlcə Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri qoyublar.
Çıxış edən səfir Elmira Axundova bildirib ki, bu gün Ukraynada yaşayan azərbaycanlılar Ulu öndərin anadan olmasının 98-ci ildönümünü fərqli ovqatla, qalib ölkənin övladları kimi qeyd edirlər: “Çünki 44 günlük Vətən müharibəsi şanlı Zəfərlə başa çatdı, rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağı azad etdi. Heydər Əliyev Azərbaycanı müstəqilliyi itirməkdən xilas etdi, dövlətçilik yaratdı, ölkəmizin durmadan inkişafını təmin edən güclü idarəetmə sistemi yaratdı. Azərbaycan xalqı qarşısında onun xidmətləri ən yüksək qiymətə layiqdir. Bu gün Azərbaycan dinamik inkişaf edir, böyük nüfuza malikdir. Heydər Əliyevin bizə qoyduğu miras Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”,- deyə səfir əlavə edib.
Tədbirdə çıxış edən Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, hüquq elmləri doktoru Arif Quliyev, Ukrayna Azərbaycanlıları Radasının baş katibi Cəlal Hüseynov və digərləri ulu öndərin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərindən danışıblar.