Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupunun çağırışı ilə Fransanın son müstəmləkələri olan Yeni Kaledoniya (Kanaki), Fransız Polineziyası (Maohi Nui), Fransız Qvianası, Martinik, Qvadelupa və Korsikada müstəqillik uğrunda mübarizə aparan siyasi hərəkatların nümayəndələri “KANAK Xalqı ilə Həmrəylik” adlı videokonfrans təşkil ediblər.
“Report”un xəbərinə görə, Yeni Kaledoniyadan olan nümayəndələr Fransa polisi və jandarma qüvvələri tərəfindən son günlər paytaxt Numea və ətraf ərazilərdə törədilən vəhşiliklər barədə ətraflı məlumat veriblər.
Çıxış edənlər Kanak xalqına qarşı törədilən vəhşilikləri kəskin qınayıblar. Görüş iştirakçıları beynəlxalq ictimaiyyəti Fransanın ədalətsiz müstəmləkəçilik siyasətinə göz yummamağa, haqq səsini qaldırmağa, BMT üzv dövlətlərini Təhlükəsizlik Şurası vasitəsilə həyəcan təbili çalmağa, Fransa tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasının qarşısını almağa çağırış ediblər.
Bakı Təşəbbüs Qrupu, öz növbəsində, beynəlxalq ictimaiyyəti müstəmləkəçilikdən əziyyət çəkən regionların xalqları üçün “Birlik, Azadlıq və Müstəqillik” ideyasını ətrafında birləşməyə və Fransa kolonializminə “YOX”, müstəqillik uğrunda ədalətli mübarizəyə “HƏ” deməyə çağırıb.
Videokonfrans çərçivəsində Fransanın müstəmləkəçilik siyasətindən əziyyət çəkən regionların müstəqillik çağırışlarını ehtiva edən flaşmob keçirilib.
Qeyd edək ki, bu gün Bakı Təşəbbüs Qrupu və Fransanın son koloniyaları olan Yeni Kaledoniya (Kanaki), Fransız Polineziyası (Maohi Nui), Fransız Qvianası, Martinik, Qvadelupa və Korsikadakı müstəqillik uğrunda mübarizə aparan 14 siyasi hərəkat birgə bəyanat yayıb.
Bakı Təşəbbüs Qrupu Fransanın müstəmləkəçilik siyasətindən əziyyət çəkən xalqların ədalətli mübarizəsini daim dəstəkləyəcəyini bəyan edir.