Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İsveçi işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən minatəmizləmə prosesində iştiraka dəvət edib.
"Report" xəbər verir ki, bu barədə Ombudsman Səbinə Əliyeva İsveç Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tobias Lorentzsonu qəbul edərkən bildirib.
Görüşdə S.Əliyeva Ombudsmanın mandatı, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsindəki fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Ombudsman müvafiq sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla, habelə İsveçin və digər ölkələrin ombudsmanları ilə ikitərəfli əməkdaşlıq əlaqələrindən bəhs edib. Müvəkkil Beynəlxalq Ombudsmanlar İnstitutu və regional ombudsman institutları şəbəkələri çərçivəsində sıx əməkdaşlıq əlaqələrinin davam etdirildiyini söyləyib.
Ermənistanın Birinci Qarabağ müharibəsində itkin düşmüş 4000-ə yaxın soydaşımızın taleyi barədə məlumatları hələ də təqdim etmədiyini bildirən Ombudsman Ermənistanın insan hüquqlarını və beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozmasına görə məsuliyyət daşıdığını qeyd edib. Həmçinin Ermənistan tərəfindən işğal dövründə Azərbaycan torpaqlarında mina terrorunun həyata keçirildiyini, basdırılmış minaların azad edilmiş ərazilərə təhlükəsiz qayıdışa və aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə ciddi maneə yaratdığını qeyd edib. Ombudsman İsveçi işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən minatəmizləmə prosesində iştiraka dəvət edib.
Müvəkkil müharibə və postmüharibə dövründə Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn norma və prinsiplərinin pozulması ilə bağlı faktların araşdırılması məqsədilə faktaraşdırıcı missiyaların həyata keçirildiyini, yerində araşdırmaların aparıldığını və əldə edilən faktoloji materiallara əsaslanan hesabat və bəyanatlar hazırlanaraq aidiyyəti beynəlxalq insan hüquqları qurumlarına göndərildiyini bildirib. Ombudsman müharibə cinayətlərini törədən şəxslərin hələ də məsuliyyətə cəlb edilməməsinin bu kimi halların yenidən təkrarlanmasına zəmin yaratdığını diqqətə çatdırıb.
Görüşdə, həmçinin insan hüquqlarının, o cümlədən gender bərabərliyinin müdafiəsi sahəsində gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.