Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Corc Dik ilə görüşüb.
“Report” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ali Məclisin sədri ölkələrimiz arasındakı münasibətlərdən bəhs edib, ölkələrimiz arasında əlaqələrin inkişafında İsrailin Azərbaycandakı səfirliyinin fəaliyyətini vurğulayıb.
Muxtar respublikanın uzun illər blokada şəraitində yaşadığını bildirən Ali Məclisin sədri kommunikasiyaların bərpasından sonra əlaqələrin müxtəlif sahələrdə – təhsil, səhiyyə, turizm, kənd təsərrüfatı və yeni texnologiyaların tətbiqi istiqamətində genişlənəcəyinə əminliyini ifadə edib.
Səmimi qəbula görə minnətdarlıq edən səfir Corc Dik Naxçıvan Muxtar Respublikasına səfərinin əhəmiyyətinə toxunub. Azərbaycandakı multikultural və tolerant mühitdən bəhs edən diplomat əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyini bildirib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.