İƏT MDİHK nümayəndə heyətinin işğaldan azad edilmiş Ağdam rayonuna səfərləri başa çatıb. Ağdama səfərləri zamanı qonaqlar vandalizimə məruz qalmış məzarlıqlar və şəhər Cümə məscidində olublar.
"Report"un Qarabağ bürosunun verdiyi xəbərə görə, Ombudsman aparatın əməkdaşları və İƏT MDİHK nümayəndə heyəti Ağdam rayonuna səfərləri zamanı Qiyaslı məzarlığında olublar. Qonaqlara məlumat verilib ki, işğal dövründə qəbirlər vandalizimə məruz qalıb. Məzar daşların isə söküb aparıblar.
Qonaqlar səfərlərinin davamında Ağdamın Qarağacı kənd məzarlığında da olublar. Burada qonaqlara kəndin daimi erməni silahlılarının atəşi altında olması, əsasən dinc sakinlərin və uşaqların hədəf seçilməsi barədə məlumat verilib. Qeyd edilib ki, Qarağacı kənd məzarlığında işğal dönəmində minlərlə məzar tamamilə dağıdılaraq məhv edilib.
İƏT MDİHK nümayəndə heyətinin üzvləri Ağdama səfərləri zamanı, Ağdam şəhidlər xiyabanında da olublar. Qonaqlara bildirilib ki, burada Ağdamın işğala qədərki dövüdə yüzlərlə soydaşımız dəfn edilib. Məzarlıqda təkcə Ağdamın deyil digər rayonlardan, erməni vəhşiliyinin qurbanı olan soydaşlarımız dəfn edilib. İşğaldan sonra isə məzarlıq tamamilə dağıdılıb. Məzarlar açılaraq insanların sümük qalıqları yox edilib. Məlumat zamanı qonaqlara oda bildirilib ki, Ağdam şəhidlər xiyabanında olan məzarlar yaxınları tərəfindən o zaman aid olan foto və videolardan dəqiqləşdirilməklə bərpa edilib.
Qonaqlar səfərlərinin sonunda əsaslı təmir olunan Ağdam cümə məscidinə də baş çəkiblər. Qonaqlara bildirilib ki, Ağdam cümə məscidi işğal dönəmində ermənilərin vəhşiliyini məruz qalan dini abidələrdən olub. Burada da digər yerlərdə olduğu kimi, ermənilər donuz saxlayıb, məscidin divarlarını yararsız hala salıblar. Azərbaycanın beynəlxalq qurumlara müraciətindın sonra, Ağdam cümə məscidi tamamilə məhv edilməkdən qurtarılıb. İƏT MDİHK nümayəndə heyətinin üzvləri burada gördükləri faktlarla bağlı beynəlxalq nüfuzlu təşkilatlar qarşısında öz hesabatlarında yer verəcəklərini bildiriblər.
Ombudsman Səbinə Əliyevanın dəvəti əsasında İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti faktaraşdırıcı missiya keçirmək məqsədilə Ağdama səfər edib.
"Report"un Qarabağ Bürosunun verdiyi məlumata görə, onlar Ağdamda dağıdılmış dini obyektlərin və qəbiristanlıqların monitorinqini aparacaq, Azərbaycan dövləti tərəfindən həyata keçirilən yenidənqurma işləri ilə tanış olacaqlar.
Nümayəndə heyətinin tərkibinə İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədri Muhammad Laval Sulaiman (Nigeriya), İƏT MDİHK sədr müavini Hacı Ali Açıkgül (Türkiyə), İƏD MDİHK üzvü Hilal bin Said al Şidhani (Oman), İƏT MDİHK katibliyinin icraçı direktoru Nura Zaid Alrşoud (Səudiyyə Ərəbistanı), İƏT MDİHK Katibliyinin direktoru Javed Saqlain (Pakistan), İƏT MDİHK Katibliyinin əməkdaşı İbrahima Saidou Kamara (Qvineya) daxildir.
Səfərin əsas məqsədi Ermənistan tərəfindən dini-mədəni abidələrin, azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması faktlarının yerində araşdırılması, işğal və raket hücumları nəticəsində zərər çəkmiş azərbaycanlılarla bağlı məlumatların toplanması və nəticələrə əsasən hesabat hazırlayaraq beynəlxalq ictimaiyyətə təqdim edilməsindən ibarətdir.