Gürcüstanın Baş naziri Giorgi Qaxariya Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədova Müstəqillik günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Nazirlər Kabinetindən “Report”a bildirilib ki, məktubda qeyd olunur: “Gürcüstan hökuməti və şəxsən öz adımdan Sizi Azərbaycanın Müstəqilliyi günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan həm sosial-iqtisadi, həm də beynəlxalq səviyyədə nüfuzunun möhkəmlənməsi baxımından fəxarətli yol keçmişdir.
Bizim ümumi səylərimiz nəticəsində Gürcüstan və Azərbaycan Respublikası arasında sarsılmaz strateji tərəfdaşlıq münasibətləri formalaşmışdır və dostluq ruhu daşıyan bu tərəfdaşlığımız ikitərəfli və çoxtərəfli səviyyədə ümumi məqsəd və maraqlarımızla daha da möhkəmlənməkdədir.
Əminəm ki, münasibətlərimizin daha da genişlənməsi və strateji tərəfdaşlığımızın dərinləşməsi üçün biz öz sıx əməkdaşlığımızı bundan sonra da uğurla davam etdirəcəyik.
Sizə öz dərin ehtiramımızı izhar edir və Sizə və qardaş Azərbaycan xalqına sülh, uğurlar və əmin-amanlıq diləyirəm”.