Ukraynanın FREYJA raketdən müdafiə sisteminin ilk prototipləri bu qış hazırlanacaq

Digər ölkələr
  • 25 noyabr, 2026
  • 23:59
Ukraynanın FREYJA raketdən müdafiə sisteminin ilk prototipləri bu qış hazırlanacaq

Ukraynanın FREYJA ballistik raketlərə qarşı müdafiə sisteminin komponentlərinin inteqrasiyası prosesinə başlanılıb, sistemin ilk prototiplərinin hazırlanması və sınaqlarının bu qış keçirilməsi gözlənilir.

"Report"un Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciətində bildirib.

"Artıq komponentlərin inteqrasiyası prosesinə başlanılıb. FREYJA proqramının bütün iştirakçılarının imkanlarını sistemin real fəaliyyət göstərə bilməsi üçün səmərəli şəkildə birləşdirmək lazımdır", – o deyib.

Onun sözlərinə görə, hazırda proqramın komponentləri və digər texniki məsələləri ilə bağlı işlər aparılır.

"Bu qış ilk prototiplər hazırlanmalı və sınaqlara başlanılmalıdır", – Ukrayna lideri vurğulayıb.

Bununla yanaşı, Zelenski əsas prioritetin tərəfdaşlardan raket tədarükünün sürətləndirilməsi olduğunu bildirib. Söhbət xüsusilə "Patriot" zenit-raket kompleksləri və Ukraynanın digər hava hücumundan müdafiə sistemləri üçün raketlərdən gedir:

"Təəssüf ki, ABŞ-dən tədarüklərin sürətləndirilməsi ilə bağlı hələlik müsbət xəbər almamışıq. Təchizatda gecikmələr davam edir".

Qeyd edək ki, FREYJA Ukraynanın "Fire Point" şirkətinin təşəbbüsü ilə yaradılan birgə Avropa raketdən müdafiə layihəsidir. Sistem ABŞ istehsalı olan "Patriot" komplekslərinə daha əlçatan alternativ kimi hazırlanır və ballistik, kvaziballistik, eləcə də hipersəs raketlərinin qarşısını almaq üçün nəzərdə tutulub.