“Fransanın Cənubi Qafqazla bağlı mövqeyinin əsas səbəbi siyasi korrupsiyadır” - RƏY

“Fransanın Cənubi Qafqazla bağlı mövqeyinin əsas səbəbi siyasi korrupsiyadır” - RƏY “Fransanın Cənubi Qafqazla bağlı mövqeyinin əsas səbəbi siyasi korrupsiyadır”.
Xarici siyasət
30 Avqust , 2023 13:37
“Fransanın Cənubi Qafqazla bağlı mövqeyinin əsas səbəbi siyasi korrupsiyadır” - RƏY

“Fransanın Cənubi Qafqazla bağlı mövqeyinin əsas səbəbi siyasi korrupsiyadır”.

Bu sözləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

O, Fransanın Cənubi Qafqazda pozucu fəaliyyətindən əl çəkməməsinin normal olduğunu deyib:

“Onlar münaqişənin sülhlə nəticələnməsində maraqlı deyillər. Çünki sülh olarsa, o zaman korrupsioner fransız siyasətçiləri erməni icmasından rüşvət ala bilməyəcəklər. Fransada yaşayan zəngin erməni icması da müharibənin davam etməsini istəyir. Belə ki, Ermənistanda baş verən problemlər erməni diasporunun daha da zənginləşməsinə gətirib çıxarır və ölkələrində yaranmış hər hansı problemin həlli üçün toplanmış ianələri korrupsiya batağına düşmüş fransız siyasətçilərlə də bölüşürlər”.

Deputat xatırladıb ki, Azərbaycanın mövqeyi beynəlxalq hüquq normalarına əsaslanır və hər bir ölkənin ərazi bütövlüyü, suverenliyinə hörmət əsas məqamlardan biri hesab olunur: “Bununla yanaşı, Xankəndində bəhs olunan humanitar problemin həlli ilə əlaqədar Ağdam-Xankəndi yolunu təklif edir. Hazırda Azərbaycan tərəfi də humanizm nümayiş etdirərək Azərbaycan Qızıl Aypara Cəmiyyəti vasitəsilə Xankəndinə humanitar yardım göndərib. Lakin müharibədə və problemlərdə maraqlı olan tərəflər imkan vermir ki, erməniəsilli sadə Azərbaycan vətəndaşlarına sözügedən humanitar yardım çatdırılsın”.

“Əslində müharibədə maraqlı olan keçmiş hərbi cinayətkarlar, ayrı-ayrı dövlətlərə xidmət edən şəxslərdir. Təbii olaraq hərbi qarşıdurmada maraqlı olan bütün qüvvələrin fəaliyyəti hazırda eyni istiqamətə yönəlib və onlar öz maraqlarını təmin etmək üçün girov götürülmüş erməniləri ağır vəziyyətə salmaq istəyirlər. Fransa hər bir imkanda istifadə edərək regionda vəziyyəti gərginləşdirməyə çalışır. Bu ölkə kiflənmiş imperiya təfəkkürü ilə Afrikadakı məğlubiyyətlərindən sonra Rusiyanın zəifləməsindən istifadə edərək Cənubi Qafqaza, Orta Şərqə burnunu soxmağa çalışır. Lakin Fransa unutmamalıdır ki, artıq hansısa imperiyanı bərpa etmək iqtidarında deyil. Onun Cənubi Qafqazla bağlı istənilən planı sadəcə olaraq darmadağın ediləcək”, - A.Mollazadə əlavə edib.

Son xəbərlər

Orphus sistemi