Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınları ilə mübarizə məqsədilə qardaş Türkiyə Respublikasına göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu bu axşam Vətənə qayıdıb.
"Report"un əməkdaşı xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında FHN-in qardaş ölkədə meşə yanğınlarının qarşısının alınması və söndürülməsi işləri üçün yanğınsöndürmə qruplarına cəlb olunan texnika və heyətinin qarşılanma mərasimi olub.
Qeyd edək ki, quru yolu ilə gələn texnikalar isə bu gün Türkiyədən Vətənə yola düşüblər.
Xatırladaq ki, Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsində FHN-in 743 əməkdaşı yüksək fədakarlıq göstərib. Bundan başqa, 97 texnika, o cümlədən 77 yanğınsöndürmə, 6 nasos avtomobili, 1 yanacaqdoldurma çəni, 4 qərargah avtomaşını, 2 avtobus və 1 pikap, eləcə də köməkçi texniki vasitələr, “BE-200ÇS” tipli amfibiya təyyarəsi və 1 helikopter Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb edilmişdi.