CAMCA Regional Forumu 2027-ci ildə Pakistanda keçiriləcək
- 01 oktyabr, 2026
- 09:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Növbəti CAMCA (Central Asia, Mongolia, Caucasus and Afghanistan) Regional Forumu 2027-ci ilin iyununda Pakistanda keçiriləcək.
"Report" xəbər verir ki, bunu CAMCA-nın idarəedici direktoru Tamar Kekenadze 2026-cı il forumunun gündəliyinə həsr olunmuş tədbirdə bildirib.
Onun sözlərinə görə, növbəti foruma hazırlıq Bakıda keçirilən görüş başa çatdıqdan sonra başlayacaq. Kekenadze gələn ilin forum iştirakçıları və CAMCA şəbəkəsi üçün məhsuldar olacağına ümidvar olduğunu bildirib.
O, həmçinin həm region ölkələrində, həm də onun hüdudlarından kənarda iştirakçılar arasında dostluq münasibətlərinin və peşəkar əlaqələrin vacibliyini vurğulayıb.
"Hazırda CAMCA şəbəkəsinin 350-dən çox iştirakçısı var, forumun Bakıda keçirilməsi isə yeni iştirakçılar hesabına onu genişləndirməyə və mövcud əlaqələri gücləndirməyə imkan verir", - Kekenadze qeyd edib.
Onun sözlərinə görə, forumun hər bir iştirakçısı regionun inkişafında və onun ortaq gələcəyində maraqlıdır.
Qeyd edək ki, bu gün Bakıda ilk dəfə olaraq Mərkəzi Asiya, Monqolustan, Cənubi Qafqaz və Əfqanıstanda dialoqun, əməkdaşlığın və dayanıqlı iqtisadi inkişafın təşviqinə həsr olunmuş CAMCA Regional Forumu keçirilir.