Bosniya və Herseqovina Rəyasət Heyətinin serb üzvü Jelyka Tsviyanoviç BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edilib.
Bu barədə "Report"a səfir Vilayət Quliyev məlumat verib.
Diplomat J.Tsviyanoviçlə görüşdüyünü və ona Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ünvanlanmış dəvət məktubunu təqdim etdiyini söyləyib.
Səfir bildirib ki, görüş zamanı Azərbaycanda COP29-a hazırlıqla bağlı işlər və yaşıl enerjiyə keçid sahəsində icra edilən genişmiqyaslı layihələr barədə qarşı tərəfə ətraflı məlumat verilib.
J.Tsviyanoviç isə bu ilin mart ayında Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşündən xoş təəssüratlarını bölüşüb və Bosniya və Herseqovina ilə Azərbaycan arasında hərtərəfli əlaqələrin inkişafından məmnunluğunu ifadə edib.