Dənizə çıxışı olmayan Özbəkistan körpü rolunu oynayan Azərbaycan sayəsində dünya iqtisadiyyatına inteqrasiya məqsədlərinə çatır.
“Report” xəbər verir ki, bu barədə “BNN Breaking” nəşrində dərc olunan “Avropaya doğru addım: Azərbaycan Özbəkistanın beynəlxalq iqtisadiyyata qapısı kimi” adlı məqalədə deyilir.
Qeyd olunub ki, son illər Azərbaycanla Özbəkistan arasında iqtisadi əməkdaşlıq getdikcə daha strateji xarakter alıb: “Özbəkistan Azərbaycanı Avropaya çıxış əldə etmək üçün əsas ölkə kimi nəzərdən keçirir. Söhbət Çin-Özbəkistan-Türkmənistan və Qazaxıstan-Azərbaycan marşrutu üzrə məhsulların Avropa bazarına tədarükündən gedir”.
Məqalədə bildirilib ki, iki ölkə arasında əməkdaşlığın ən mühüm aspektlərindən biri hər hansı kommersiya fəaliyyətinin əsasını təşkil edən logistikanın inkişafıdır: “Özbəkistanın Avropa bazarlarına çıxış əldə etmək istəyi kontekstində logistikanın rolu əhəmiyyətli dərəcədə artır. Şərqi Avropa ilə Qərbi Asiyanın kəsişməsində yerləşən Azərbaycan Özbəkistana coğrafi üstünlük verir. Özbəkistan müəssisələri Azərbaycandan keçən nəqliyyat dəhlizləri vasitəsilə öz mallarının Avropa bazarlarına daha sürətli və sərfəli şərtlərlə çatdırılmasını təmin edə bilər”.
Müəllif qeyd edib ki, Qarabağda logistika qovşağının yaradılması perspektivi Özbəkistan müəssisələrini regiona investisiyaları artırmağa, eləcə də mövcud əlaqələri gücləndirməyə və yeni iqtisadi imkanlar yaratmağa sövq edə bilər.
Sonda vurğulanıb ki, qloballaşma şəraitində strateji ticarət əlaqələrinin yaradılması mühüm əhəmiyyət kəsb edir: “Özbəkistan üçün Azərbaycan vasitəsilə Avropaya çıxış dünya səhnəsində daha geniş iqtisadi iştiraka yol ola bilər”.