Ceyhun Bayramov və Kaya Kallas əməkdaşlığın inkişaf perspektivlərini nəzərdən keçirib - YENİLƏNİB-3

Xarici siyasət
  • 05 may, 2026
  • 16:23
Ceyhun Bayramov və Kaya Kallas əməkdaşlığın inkişaf perspektivlərini nəzərdən keçirib - YENİLƏNİB-3

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər arasında keçirilmiş təkbətək və geniş tərkibdə görüşlər zamanı tərəflər Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və perspektivlərini ətraflı nəzərdən keçiriblər.

Siyasi dialoqun intensivliyi, yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb, tərəfdaşlığın qarşılıqlı hörmət, bərabərlik və ortaq maraqlar əsasında inkişaf etdirilməsinin vacibliyi qeyd olunub. Bununla yanaşı, Azərbaycanla Avropa arasında dialoq mexanizmlərinin, yeni ikitərəfli saziş üzrə danışıqların bərpasının və Tərəfdaşlıq Prioritetləri sənədi üzrə aparılan danışıqların önəmi vurğulanıb.

Görüş zamanı iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat və logistika, yaşıl enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi və etibarlı tərəfdaş kimi rolu qeyd olunub.

Nazir Ceyhun Bayramov post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycanın həyata keçirdiyi bərpa və yenidənqurma işləri, habelə mina təhlükəsi ilə mübarizə sahəsində görülən tədbirlər barədə qarşı tərəfi məlumatlandırıb. Ermənistan ilə normallaşma prosesi barədə fikir mübadiləsi aparılıb. Azərbaycanın bölgədə davamlı sülh və sabitliyin təmin olunmasına sadiqliyi bir daha vurğulanıb.

Tərəflər həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar. Bu kontekstdə çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq, eləcə də qlobal çağırışlara qarşı birgə fəaliyyət imkanları müzakirə olunub.

Görüş zamanı, habelə Azərbaycan ilə Aİ arasında müxtəlif institutlar və proqramlar çərçivəsində əməkdaşlığın inkişaf perspektivləri nəzərdən keçirilib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallas arasında geniştərkibli formatda görüş keçirilib.

Bu barədə "Report" Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir.

Belə ki, tərəflər Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin bütün istiqamətlərini əhatə edən hərtərəfli müzakirələr aparıblar. Bu çərçivədə siyasi dialoq, hüquqi və institusional əməkdaşlıq, həmçinin ikitərəfli tərəfdaşlıq gündəliyinin gələcək inkişaf perspektivləri nəzərdən keçirilib.

Görüşdə enerji əməkdaşlığına xüsusi diqqət yetirilib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfə verən etibarlı təchizatçı kimi rolu, eləcə də bərpa olunan enerji sahəsində əməkdaşlıq məsələləri vurğulanıb.

Bununla yanaşı, ticarət və investisiyalar, iqtisadiyyatın şaxələndirilməsi, rəqəmsallaşma, innovasiya və sənaye əməkdaşlığı, həmçinin nəqliyyat və logistika əlaqələri müzakirə olunub.

Xüsusilə Orta Dəhlizin inkişafı və regional infrastruktur layihələri diqqət mərkəzində olub.

Bildirilib ki, tərəflər həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələlərini, o cümlədən post-münaqişə dövründə vəziyyəti, yenidənqurma və bərpa işlərini, humanitar minatəmizləmə fəaliyyətlərini və Cənubi Qafqazda davam edən normallaşma prosesini müzakirə ediblər.

Dayanıqlı sülh və sabitliyin təmin olunmasının vacibliyi vurğulanıb.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallas təkbətək formatda danışıqlar keçirirlər.

Bu barədə "Report" Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir.

Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın görüşü keçirilir.

"Report" Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüş Kallasın Bakıya səfəri çərçivəsində XİN-də keçirilir.

"Səfər dəyişən regional və qlobal dinamika fonunda Azərbaycan-Aİ əlaqələrinin və dialoqunun vacibliyini vurğulayır. Bu, qarşılıqlı hörmət və ortaq maraqlar əsasında əməkdaşlığın genişləndirilməsi üçün imkan yaradır", - XİN-dən qeyd ediblər.