Bakı. 3 oktyabr. REPORT.AZ/ Bakıda Azərbaycan və Ukrayna xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Pavlo Klimkin arasında görüş keçirilib.
"Report" xəbər verir ki, təkbətək və geniş formatda keçirilən görüşlərdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Görüşlərin yekununda keçirilən brifinqdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov tərəflərin Azərbaycan-Ukrayna münasibətləri üzrə geniş müzakirələr apardığını bildirib.
"Azərbaycan və Ukrayna arasındakı münasibətlər strateji xarakter daşıyır", - E.Məmmədyarov vurğulayıb. O, iki ölkə prezidentinin qarşılıqlı səfərlərini qeyd edib.
Azərbaycan XİN başçısı deyib: "Azərbaycan və Ukraynanın mövqeləri bir sıra məsələlərdə, o cümlədən hər iki ölkənin ərazi bütövlüyü məsələsində üst-üstə düşür."
O, ukraynalı həmkarı ilə görüş zamanı iqtisadi əməkdaşlıq, o cümlədən nəqliyyat sektorunda layihələr barədə fikir mübadiləsi apardığını bildirib.
Azərbaycanın xarici işlər nazirinin sözlərinə görə, ölkələr nəqliyyat sahəsində əməkdaşlığı möhkəmləndirməyi planlaşdırır və bu, hər iki ölkənin iqtisadiyyatı üçün vacibdir.
Nazir gələn il Ukraynada Müslüm Maqomayevin abidəsinin ucaldılacağını, maestronun 85 illik yubileyi ilə əlaqədar bir sıra tədbirlərin keçiriləcəyini əlavə edib.
İlk xəbər saat 12:48-də dərc edilib