Azərbaycan Respublikasının ABŞ-a yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim Nyu-York və ətraf ştatlarda yaşayan Azərbaycan icmasının üzvləri ilə görüşüb.
“Report”un yerli bürosu xəbər verir ki, görüşün keçirildiyi məkanda səyyar konsulluq xidməti göstərilib və ölkəmizin ABŞ-a yeni təyin olunmuş konsulu Ceyhun Novruzov sənəd problemləri ilə qarşılaşan həmvətənlərimizin müxtəlif mövzular ətrafında suallarını cavablandırıb, mövcud problemlərin həlli istiqamətində konkret addımlar atılacağı barədə vəd verib.
Görüşdə icmanın aktiv üzvləri, müxtəlif ali təhsil ocaqlarında çalışan və təhsil alan gənclər, ABŞ-da fəaliyyət göstərən dərnək rəhbərli ilə tanış olan diplomat COVID-19 pandemiyası dövründə icma üzvlərinin qarşılaşdığı problemlər, ABŞ-a gəliş və gedişlərdə tələb olunan vaksin pasportlarının alınması, ABŞ-da vaksinasiya ilə bağlı həmvətənlərimizin qarşılaşdığı müəyyən çətinliklər, pasportların müddətinin uzaldılması mövzularında müzakirələr aparıb.
Səfir yaxın gələcəkdə həmvətənlərimizin daha çox məskunlaşdığı ABŞ-ın bir çox şəhər və ştatlarında səyyar konsulluq xidmətinin fəaliyyətə başlayacağını deyib. X. İbrahim Vaşinqtona gələ bilməyən azərbaycanlıların problemlərinin elə yaşadığı şəhərlərdə həllini tapacağını deyib. Səfir konsulluğun internet saytında məlumatların mütəmadi yenilənəcəyini, müasir tələblərə uyğun olaraq sorğuların operativ cavablandırılacağını bildirib. O, dünyanın bütün ölkələrində olduğu kimi bütün azərbaycanlıların birlik və bərbərlik nümayiş etdirməsinin vacibliyinə diqqət çəkib.
Təxminən iki saat davam edən görüşdə icma üzvləri səfiri gələcək planları haqqında məlumatlandırıb, bir çox məsələlər ətrafında qarşılıqlı müzakirələr aparıblar. Bütün mövzularda həmvətənlərimizə dəstək olmağa hazır olduğunu deyən səfir bundan sonra da, bu kimi görüşlərin mütəmadi olaraq baş tutacağını dilə gətirib.
Vüsalə Abbasova